Qəzza ilə bağlı qərar qəbul edilmədi
BMT Təhlükəsizlik Şurasında (TŞ) Qəzzada dərhal və daimi atəşkəsin tələb olunduğu qətnamə qəbul edilib. ABŞ veto qoyduğu üçün qətnamə qəbul edilməyib. Qətnamənin lehinə 14 üzv səs verib.
Mövzu ilə bağlı politoloq Tofiq bəy "İnformator.az"a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları İsrailə dağıdıcılıq fəaliyyətini həyata keçirməsində bilavasitə dəstək göndərir:
"Bu qətnaməyə ABŞ-nin veto tətbiq etməsi yenilik deyil. Məsələ burasındadır ki, İsrail böyük qüvvə rolunu oynayan bir məmləkətdir və o, həmişə bilavasitə Amerika Birləşmiş Ştatlarının tapşırığı ilə, diktəsi ilə və eləcə də verdiyi qərarlarla idarə olunur. Ümumiyyətlə, belə yada salmaq istəyirəm ki, 1963-cü ildə ABŞ Prezidenti Con Kennedi demişdi ki, "İsrail bizim suda batmayan aviadaşıyıcımızdır və o, həmişə bizim siyasətimizin həyata keçməsinin qaranti olacaq". Neçə il əvvəl deyilən söz olsa da, biz onun burada təsdiqini tapırıq. Bu, sözün əsl mənasında, mən deyərdim ki, bir geosiyasi nonsensdir, çünki faktiki olaraq ABŞ İsrailə dağıdıcılıq fəaliyyətinin həyata keçməsində bilavasitə dəstək göstərir. Hətta İrana onların hücumu olandan sonra, 12 günlük müharibə əsnasında artıq İsrailin bütün raket ehtiyatları tükənirdi və İsrail az qalırdı Donald Trampa yalvara ki, ya müharibəni dayandırsın, ya da təcili surətdə silah-sursat versin. Donald Tramp özünəməxsus, guya uğurlu çıxış yolu tapdı. 12 gündən sonra müharibəni dayandırmasına izin verdi. Digər tərəfdən, razılaşdırılmış tərzdə İranın nüvə raketlərinə hücum etdi və sonra da İran, eləcə də Qətərdəki ABŞ-nin hərbi bazasına razılaşdırılmış şəkildə cavab verdi.
Bu baş verənlər, əlbəttə ki, çox böyük təəccüb doğurur və təsadüfi deyil ki, dünya birliyinin aparıcı qüvvələri ABŞ-nin özünü cinayətkarlıqda ittiham edirlər. Biz görürük ki, artıq İsrailə məhdudlaşdırıcı tədbirlər görüləcək, məsələn, bir çox təşkilatlarda onların üzvlüyü dayandırılacaq, idman yarışlarında onların komandaları kənarlaşdırılacaq və s. Bu da onu göstərir ki, dünya birliyi başa düşür ki, əgər İsrailin qarşısı indi alınmasa və bu biabırçılığın arxasında ABŞ yenidən və sonra da öz mövcudluqlarını saxlasalar, həqiqətən də dünya böyük bir fəlakətlə üz-üzə qala bilər. Donald Tramp bu məsələdə gücsüzdür, çünki o, o dərəcə Amerikanın və dünya yəhudi lobbisinin təsiri altındadır ki, o, sadəcə heç bir şey edə bilmir, yəni bu prosesləri dayandıra bilmir.
Analoji vəziyyət də elə İsrailin özündədir. Yəni Donald Tramp bir yana, Benyamin Netanyahu özü hökumət koalisiyasında olan iki partiyanın girovuna çevirilib. Orada Benqvin və Smotrich Baş naziri tələyə salıblar, deyirlər ki, "Sən bizim dediyimizi etməsən, biz koalisiyadan çıxırıq. Belə olduqda hökumət dağılacaq və növbədənkənar seçki elan olunacaq və sən zorla məhkəməyə aparılacaqsan, yəni sənin bir çıxış yolun var, ancaq və ancaq bizim dediyimizi edəsən". Ona görə də demək olar ki, artıq İsrail hökuməti bütün qırmızı xətləri keçir və mən deyərdim ki, bu, sözün əsl mənasında başıpozuq bir siyasətdir. İlk növbədə İsrailin özünü hədəfə çevirir və mən heç də istisna etmirəm ki, ərəb ölkələri kollektiv surətdə ən yaxın zamanda İsrailə qarşı gözlənilməz bir hücum tətbiq edə bilərlər. Hər halda Misir ordusu bu məsələyə hazırlaşır, digər tərəfdən də bütün bölgə dövlətlərinin buna məxsus tədarükləri var, biz görürük və bu, baş verə bilər.
Digər tərəfdən, beynəlxalq ictimaiyyət, əlbəttə ki, Amerikanın bu addımını pisləyir, qınayır, çünki bu, açıq-aşkar insanlığa, sabitliyə, təhlükəsizliyə bir təhdiddir. Çünki bir halda ki, dinc vətəndaşlar, uşaqlar, qadınlar, qocalar artıq gülləbaran olurlar, aclıqdan ölümə məhkum ediliblər, içəri şəhərləri təyyarələr raketlərlə vurub dağıdıblar, bütün binalar hamısı yerlə yeksan olub. Qəzza bölgəsində demək olar ki, hamısı dağıntı içərisindədir. Bu hadisələrlə bağlı tənqidin bir ucu da Amerikaya gəlib dəyir, çünki ABŞ artıq özünün bu məsələlərdə iştirakını gizlədə bilmir. Bütün dünya həm Donald Trampı tənqid edir, həm də lənətləyir. Sözün əsl mənasında belə bir hadisə hələ baş verməmişdir. Düzdür, həmişə bəlli idi ki, ABŞ İsrailə dəstək verib, onun arxasında durub, amma bu qədər də yox. Biri var ki, gözlənilməz bir müharibə olsun, İsrailə təhdid törədilsin və ABŞ onun müdafiəsinə qalxsın, biri də var ki, İsrail bütün ətrafına təhdid törədir, öz istiqamətində müharibə aparır, özü də bu müharibələrin hamısı ədalətsiz müharibədir və belə olduğu halda ABŞ onu dəstəkləyirsə, bu çox təhlükəli bir prosesə çevrilir.
Qəzzadakı humanitar vəziyyət artıq kritikdir. Sözün əsl mənasında orada humanitar fəlakət yaşanır və gecə-gündüz biz dünya ekranlarında görürük ki, nə dərəcədə uşaqlar var, qocalar var, hamısı aclıqdan əziyyət çəkirlər. Bu, özlüyündə də böyük bəladır ki, 2 milyondan artıq insanın yaşadığı bölgədə dörd bir tərəfdən mühasirə vəziyyəti yaranıb. İnsanlar heç dənizə çıxıb balıq da tuta bilmirlər, çıxan kimi onlar güllələnirlər. Qarşıdan da soyuq qış gəlir və Qəzza əhalisinin vəziyyəti heç də yaxşı və sabit görünmür. Ona görə hesab edirəm ki, BMT bu məsələ ilə bağlı gərək özünün qətiyyətli bir sözünü desin və elə bir qərar çıxarsın ki, yəni həm Amerika ondan ibrət götürsün, həm də İsrail. İndi İsrail götürməyə bilər, çünki özünü çox şıltaq bir tərzdə aparır, digər tərəfdən elə bir durum yaradır ki, guya bu, özünü müdafiə edir, amma ki, bunun müdafiəsi çox qəribə görünür, çünki o müdafiə deyil, hücumdur və bütün ətrafa qarşı müharibə aparır və təbii ki, bu proseslər gərək birinci özünün siyasi qiymətini alsın, indi ki, Baş Assambleyanın 80-ci sessiyasında və digər tərəfdən də onlardan irəli gələn tədbirlərin də görülməsinə vaxt itirilmədən başlanılsın".
Gülay Səlifova
