Qəzza üçün sülh planı
Qəzzada son aylarda HƏMAS-a qarşı döyüşən müxtəlif silahlı qrupların fəaliyyəti ciddi suallar doğurur. Bu qruplar arasında klanlara bağlı dəstələr, cinayətkar qruplaşmalar və yeni yaradılmış milis birləşmələri var. İsrailin baş naziri də bu qrupların bəzilərinə İsrailin dəstək verildiyini etiraf edib. Bəzi mənbələr Fələstin Administrasiyasının da gizli şəkildə bu qruplara dəstək göstərdiyini bildirir.
Bu qruplar hazırda İsrail qüvvələrinin nəzarət etdiyi ərazinin 53%-də fəaliyyət göstərsə də, ABŞ Prezidenti Donald Trampın sülh planına rəsmən daxil edilməyib. Plana görə, bölgəni gələcəkdə Beynəlxalq Sabitlik Qüvvəsi və yeni yaradılacaq Fələstin polisi qoruyacaq.
Ən böyük silahlı dəstələrdən biri Yasir Əbu Şababın rəhbərlik etdiyi “Xalq Qüvvələri”dir, digər qruplardan biri isə Hossam əl-Astalın “Terrorizmlə Mübarizə Zərbə Qüvvəsi”dir. Əl-Astal İsrail mediasına qrupunun Gəzza polisində rol alacağına dair ABŞ nümayəndələrindən söz aldığını iddia edib. O həmçinin İsraillə ərzaq və silah tədarükü üzrə koordinasiya apardıqlarını bildirib.
Lakin Qəzzada bir çox sakinlər bu milis qruplarından narazıdır:
1) “Hökumət zəif olsa belə, hər bir hökumət quldurlardan yaxşıdır". - Qəzza sakini Saleh Sweidan.
2) “İşğalla əməkdaşlıq edən qruplara qoşulmaq böyük xəyanətdir". - Zaher Doulah.
Ekspertlər xəbərdarlıq edirlər ki, İsrailin bu qruplara dəstək verməsi gələcəkdə təhlükəli nəticələr doğura bilər. İsrailin keçmiş hərbi kəşfiyyat zabiti Maykl Milşteyn, 30 il əvvəl ABŞ-nin Talibanı dəstəkləməsi ilə paralel apararaq, silahların sonda İsrailə qarşı çevrilə biləcəyini deyib.
Qəzza üçün uzunmüddətli sülh planında bu silahlı qrupların taleyi hələ də qeyri-müəyyən olaraq qalır.
BBC
Reyhan Quliyeva