Qəzzanın susdurulmasının qarşısını almaq üçün beynəlxalq təzyiq və təcili tədbir tələb olunur
Qətər mərkəzli Al Jazeera televiziyası, İsrailin Qəzzada, aralarında Al Jazeera kameramanının da olduğu 5 jurnalisti öldürməsindən sonra beynəlxalq ictimaiyyəti təcili müdaxilə və təzyiq göstərməyə çağırıb.
Al Jazeera televiziyasından İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunusda yerləşən Nəsir Xəstəxanasını hədəf alan və 5-i jurnalist olmaqla 20 nəfərin həyatını itirdiyi hücumla bağlı açıqlama verilib.
Açıqlamada bildirilib:
“Dünyanın gözü önündə jurnalistlərin sistematik şəkildə hədəf alınaraq öldürülməsi yolu ilə Qəzzanın səsinin susdurulmasının qarşısını almaq üçün beynəlxalq təzyiq və təcili tədbir tələb olunur”.
Həmçinin, Qəzzadakı İsrail hücumlarının medianın nümayəndələri üçün ən ölümcül müharibəyə çevrildiyi və misli görünməmiş sayda jurnalistin hədəf alındığı vurğulanıb:
“Qəzzada şəhid edilən jurnalistlərimizin qanı hələ qurumamış, İsrail işğalçı qüvvələri Al Jazeera kameramanı Məhəmməd Səlame və onunla birgə olan jurnalistləri qətlə yetirərək yeni bir cinayət törətdi. İsrailin jurnalistləri susdurmaqda israrı, Qəzzada törətdiyi cinayətləri gizlətmək və həqiqəti ört-basdır etmək niyyətini açıq şəkildə göstərir”.
Al Jazeera bildirib ki, İsrailin jurnalistlərə yönəltdiyi hücumlar “həqiqəti susdurmağa yönəlmiş sistematik kampaniyanın bir hissəsi”dir və bu hərəkətlər “Beynəlxalq Cinayət Məhkəməsinin əsas hüquqi əsasını təşkil edən Roma Statüsü və müharibə dövründə mülki şəxslərin qorunmasını nəzərdə tutan Cenevrə Konvensiyaları çərçivəsində savaş cinayəti” kimi qiymətləndirilir.
TRT XƏBƏR
Lalə Qurbanlı