Qəzzaya ərzaq yardımı artır, amma hələ kifayət etmir
Qəzzada aclıq şəraiti davam edir. BMT-nin Humanitar İşlər üzrə Baş katibinin müavini Tom Fletcher bildirib ki, böhranı yüngülləşdirmək üçün hər həftə minlərlə yardım maşınının bölgəyə daxil olması lazımdır.
“Hazırda ehtiyac səviyyəsinə çatmamışıq, amma irəliləyirik... Atəşkəs bizə dar bir fürsət pəncərəsi açıb və Dünya Ərzaq Proqramı (WFP) çox sürətlə ərzaq yardımını artırmaq üzərində işləyir”, – WFP-nin sözçüsü Abeer Etefa Cenevrədə jurnalistlərə bildirib.
WFP hələlik Qəzza şəhərində ərzaq paylanmasına başlamadığını qeyd edib. Səbəb isə İsraillə sərhəddəki Zikim və Erez keçid məntəqələrinin bağlı qalmasıdır. Bu da humanitar böhranın ən ağır yaşandığı şimal bölgələrinə yardımın çatdırılmasını çətinləşdirir.
“Qəzza şəhərinə və şimal bölgələrinə giriş son dərəcə çətindir”, – deyə Etefa vurğulayıb. Onun sözlərinə görə, un və hazır qida daşıyan konvoylar müharibədən dağılan yollarda hərəkət etməkdə çətinlik çəkir.
Az miqdarda qida məhsullarının şimala çatdığı bildirilsə də, böyük yardım karvanları hələ də ərazidə hərəkət edə bilmir.
ANEWZ
Güllər Gülhüseynova