Qəzzədə əldə olunan kövrək atəşkəs bir ayını geridə qoyub
ABŞ Prezidenti Donald Trampın təklif etdiyi plan nəticəsində əldə olunan Qəzza Zolağındakı atəşkəs, İsrailin tez-tez törətdiyi pozuntuların kölgəsində bir ayını tamamladı. Regionda nisbi sakitlik olsa da, qarşılıqlı ittihamlar və toqquşmalar davam edir.
İsrailin Qəzzəyə qarşı iki ildən artıq davam edən hücumlarının ardınca Trampın təqdim etdiyi planın HƏMAS və Təl-Əviv rəhbərliyi tərəfindən qəbul olunması ilə 10 oktyabrda atəşkəs qüvvəyə minib. Atəşkəs çərçivəsində HƏMAS 13 oktyabrda əlində saxladığı 20 israilli əsiri azad edib. Bununla da Qəzzədəki bütün sağ israilli əsirlər sərbəst buraxılıb. İsrail də razılaşma çərçivəsində həbsxanalarda olan təxminən 2 min fələstinlini azad edib.
HƏMAS həmçinin Qəzzədə həlak olan 28 əsirdən 24-nün cəsədini İsrail tərəfinə təhvil verib. Qalan 4 nəfərin cəsədlərinin axtarışı davam edir. İsrail isə cavab olaraq 330 fələstinlinin nəşini Qəzzəyə göndərib. Bu qarşılıqlı addımlar atəşkəsin ilkin mərhələdə müəyyən humanitar nəticələr verdiyini göstərsə də, tərəflər arasında tam etimad formalaşmayıb. İsrail rəhbərliyi bir ay ərzində bir neçə dəfə atəşkəsi pozmağa cəhd edib. İsrail ordusu 19 oktyabrda Qəzzəyə genişmiqyaslı hava hücumu həyata keçirib və azı 21 fələstinlinin həlak olduğu bildirilib. Baş nazir Benyamin Netanyahu ordunun əməliyyatlara yenidən başlaya biləcəyini istisna etməyib. Qısa müddətlik sakitlikdən sonra Qəzzəyə humanitar yardımların məhdud şəkildə davam etdiyi, lakin bölgədə vəziyyətin yenidən gərginləşdiyi qeyd olunur.
TRT Haber
Aysun Vəliyeva