Ramzan Kadırovla bağlı xəbərlər
Məlum olduğu kimi, son günlər sosial şəbəkələrdə Çeçenistanın prezidenti Ramzan Kadırovun səhhətində ciddi problemlər olması, kəskin böyrək çatışmazlığından əziyyət çəkdiyi ilə bağlı məlumat yayılıb.
Onun Rusiya Prezidenti Administrasiyasının Mərkəzi Klinik Xəstəxanasında uğursuz müalicəsi səbəbindən komaya düşdüyü də bildirilib. Hətta ötən gün Teleqram kanallarında Çeçenistanın liderinin öldüyünə dair xəbərlər də tirajlandı. Rusiya mətbuatı Kadırova məxsus təyyarənin sentyabrın əvvəlindən 3 dəfə Moskvaya uçduğunu yazıb. Təyyarə sonuncu dəfə Qroznıdan Moskva istiqamətində sentyabrın 15-də uçub və Çeçenistana qayıtmayıb. Sentyabrın 17-si səhər saatlarından Mərkəzi Klinik Xəstəxanaya çeçen dövlət nömrə nişanlı avtomobillərin gəldiyi qeyd olunur. Yeri gəlmişkən, Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov da Kadırovun vəziyyətinin ağır olduğunu, sentyabrın 15-dən komada olduğunu bildirib.
Ukrayna mətbuatında Kadırovun narkotik maddə qəbul etdiyi xəstəxanada müalicə aldığı və vəziyyəti ağırlaşaraq komaya düşdüyü də iddia olunur. 46 yaşlı Ramzan Kadırov Teleqram kanalında video görüntü ilə haqqında yayılan iddiaların əsassız olduğunu bildirib. O, "İnternetdə həqiqəti yalandan ayıra bilməyənlərə təmiz havada gəzməyi və fikirlərini nizama salmağı” tövsiyə edib.
Kreml Çeçenistan rəhbərinin səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Kremlin sözçüsü Dmitri Peskov Kadırovun sağlamlıq vəziyyəti ilə bağlı arayış vermədiyini, bunun prezident administrasiyasına aid məsələsi olmadığını açıqlayıb. Peskov, həmçinin Çeçenistan rəhbərinin ötən həftəsonu Prezident Vladimir Putinlə görüşmədiyini də əlavə edib.
Rusiya-Ukrayna müharibəsində aktiv rol oynayan, cəbhə xəttində Putinin ən etibarlı mütəffiqi olan Çeçenistan liderinin səhhəti ilə bağlı martda da şayiələr yayılıb. Mütəxəssislər Kadırovun sağlamlığında müəyyən problemlər yaşadığına diqqət çəkərək, onun sürətlə kökəldiyini, həmçinin üzünün şişdiyini açıqlayıb. Onun Rusiya həkimlərinə etibar etmədiyi üçün Birləşmiş Ərəb Əmirliklərindən gələn tibb mütəxəssislərindən müalicə aldığı da qeyd olunub.
Amma bu məlumatlar yayıldıqdan qısa müddət sonra Kadırov haqqında yayılan xəbərləri təkzib edib. Ekspertlərin fikrincə Kadırovun ölümü müasir Rusiyada çeçen amilinin roluna və əhəmiyyətinə təsir etməyəcək. Çünki Çeçenistan lideri tamamilə Putinin yaratdığı sistemə daxildir.
