00:00:00
Yazar
Admin User
21.11.2025 19:04 124 2 dəq oxuma
Siyasət

Ərazi güzəşti olmadan sülh mümkünsüzdür

Ərazi güzəşti olmadan sülh mümkünsüzdür

Slovakiyanın xarici işlər naziri Yuray Blanar bildirib ki, Ukraynada ərazi güzəştləri barədə razılaşma olmadan sülh mümkün deyil.

 

"Şəxsi fikrim budur ki, bu müharibə artıq o qədər irəli gedib ki, bəzi ərazi güzəştləri barədə razılaşma olmadan sülhə nail olmaq mümkün deyil",- o deyib.

 

Blanar əlavə edib ki, Slovakiya Ukraynadakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyəcək.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna savaşının sona çatdırılmasında qeyri-müəyyənlik dərinləşir:

 

“Ukrayna savaşının sona çatdırılması prosesində qeyri-müəyyən situasiya yaranıb. Bu qeyri-müəyyən situasiya da əsasən sülh şərtlərinin hansı məzmunda olacağı ilə bağlıdır və hazırda gündəmə gətirilən sülh şərtləri, yəni yeni Tramp planının məzmunu elə vəziyyətdədir ki, Ukraynanın gələcək taleyi ümumiyyətlə, ciddi şübhə altına düşə bilər. Ona görə hazırda yeni plana münasibət birmənalı deyil. ABŞ Rusiyanın maraqları çərçivəsində bir sülh sazişinin imzalanması üçün rəsmi Kiyevə ciddi şəkildə təzyiq göstərir. Ancaq AB-yə daxil olan dövlətlər, o cümlədən Böyük Britaniya buna etiraz edir. Ancaq bəzi Şərqi Avropa dövlətləri, xüsusilə Rusiyaya daha yaxın münasibətlər göstərən Slovakiya kimi ölkələr Ukraynanın ərazi güzəştləri etməsinə daha ciddi dəstək verirlər. Hesab edirlər ki, Ukrayna ərazi güzəştlərinə getməlidir və Rusiya ilə sülh sazişi imzalamalıdır. Belə anlaşılır ki, Slovakiya və onun kimi dövlətlər faktiki olaraq Ukraynanın gələcək taleyinə tamamilə biganədirlər. Halbuki ərazi güzəştləri belə Ukraynada sülhün və sabitliyin tam şəkildə təmin olunmasına şərait yaratmaya bilər. Çünki Ukrayna həmin güzəştləri Rusiyaya edərsə, Rusiya növbəti mərhələdə bütövlükdə Ukraynanın işğal olunaraq Rusiyanın sərhədləri daxilinə daxil edilməsi niyyətinə düşə bilər. Bu da çox təhlükəli bir prosesdir və ilk növbədə AB-nin də təhlükəsizlik sistemi üçün ciddi problemlər yarana bilər. Ukrayna hazırda Rusiya və AB arasında bir tampon bölgə rolunu oynayır. Əgər Ukrayna Rusiyanın nəzarəti altına düşərsə, o zaman bu, Avropa məkanı ilə Rusiyanın birbaşa təmas xəttinin dəyişməsi deməkdir. Bu da Avropa ölkələri üçün ciddi təhlükə yaradır. Ümumi götürdükdə isə Ukrayna böhranının birdəfəlik və beynəlxalq hüquq normaları çərçivəsində həlli ərazi güzəştlərindən deyil, Rusiyanın işğal etdiyi bölgələri Ukraynaya qaytarmasından keçir. Əgər dünya dövlətləri, o cümlədən ABŞ və yaxud da AB Ukraynada sülh və sabitlik istəyirlərsə, o zaman Rusiyaya təzyiq göstərərək qoşunlarını Ukrayna ərazisindən çıxarmasına nail olmalıdırlar. Əks halda, hətta ərazi güzəştləri hesabına əldə olunmuş sülh belə müvəqqəti xarakter daşıyacaq və yaxud da hansısa mərhələdə savaş yenidən qızışacaq. Böyük ehtimalla AB dövlətləri yeni Tramp planının da reallaşmasına imkan verməyəcək. Son açıqlamalar belə düşünməyə əsas verir”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər