00:00:00
Yazar
Admin User
11.11.2025 17:46 110 4 dəq oxuma
Siyasət

Ərdoğan: “Ermənistanla normallaşma prosesini Azərbaycanla sinxron aparırıq”

Ərdoğan: “Ermənistanla normallaşma prosesini Azərbaycanla sinxron aparırıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması prosesindən danışıb. Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Ankara bu prosesi Azərbaycanla paralel və koordinasiyalı şəkildə həyata keçirir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Naqif Həmzəyev bildirib ki, Azərbaycanda Zəfər gününün ildönümünə həsr olunan Zəfər paradı keçirilib və bu parad bir daha bütün dünyaya Azərbaycanın mövcud hərbi potensialının nə qədər güclü olduğunu nümayiş etdirib:

 

"Lakin bu Zəfər paradı daha çox regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunması üçün Azərbaycanın atdığı addımların vacibliyini bir daha göstərib və bu proses artıq sülhün gerçəkləşməsi üçün zərurətə çevrilib. Azərbaycan Zəfərdən sonra uzun müddətdir ki, sülh təşəbbüslərini uğurla həyata keçirir. Avqust ayında Vaşinqtonda əldə olunan razılaşmalar sülh gündəmini daha da aktuallaşdırıb. Hazırda Ermənistan cəmiyyəti də bu prosesə hazırlanır, lakin bu o qədər də asan görünmür.

 

Ermənistan reallığı qəbul etməyə başlayır. Başa düşür ki, Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmasa, iqtisadiyyatını davamlı şəkildə inkişaf etdirmək mümkün olmayacaq və uzun illər blokada şəraitində qalmaq riski ilə üz-üzədir. Bu səbəbdən Ermənistan həm Azərbaycanla sülh sazişi imzalamağa, həm də Türkiyə ilə sərhədlərin açılmasına can atır. Beləliklə, iqtisadiyyatını dirçəltmək və müstəqilliyini təmin etmək istəyir.

 

Türkiyə hələ Birinci Qarabağ müharibəsindən sonra Ermənistanla sərhədləri bağlayıb. Bu, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə reaksiya idi. Türkiyə hər zaman Azərbaycanın mövqeyini əsas götürüb. Hazırda da bu siyasət davam edir. Prezident Rəcəb Tayyib Ərdoğan da jurnalistlərlə söhbətində Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla yaxınlaşma siyasəti apardıqlarını vurğulayıb.

 

Azərbaycan Ermənistanla dayanıqlı sülhün əldə olunmasında maraqlıdır. Lakin Ermənistanın bir sıra şərtləri yerinə yetirməsi vacibdir. Ən önəmli şərtlərdən biri - Ermənistanın Azərbaycan əleyhinə ərazi iddialarını öz qanunvericiliyindən çıxarmasıdır. Bunun üçün Ermənistan mütləq referendum keçirməlidir. Hazırda isə Ermənistan parlament seçkilərinə hazırlaşır. Seçkilərin 2026-cı ilin ilk rübünə təxirə salınması mümkündür. Bundan sonra ya referendum keçirilə, ya da bu proses paralel şəkildə aparıla bilər. Azərbaycan isə Ermənistan bu şərtləri yerinə yetirdiyi təqdirdə sülh sazişini imzalamağa tam hazırdır. Bu, Brüsseldə əldə olunan razılaşmalarda da öz əksini tapıb. Sülh sazişindən sonra Zəngəzur dəhlizinin istifadəyə verilməsi və digər kommunikasiyaların açılması da mümkün olacaq.

 

Fransa və Avropa İttifaqının bəzi mövqelərinə baxmayaraq, artıq bir çox güclər reallığı dəstəkləməyə başlayıblar. Avropa İttifaqı ilə Azərbaycan arasında da yeni bir səhifə açılır. Bütün bu uğurlar Azərbaycanın uğurlu, uzaqgörən və dayanıqlı xarici siyasətinin nəticəsidir və birbaşa Prezident İlham Əliyevin şəxsi siyasi bacarığı sayəsində əldə olunub. Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi ilə münasibətlər ən yüksək səviyyəyə çatıb. Bu isə o deməkdir ki, bütün məsələlərdə birgə hərəkət etmək razılaşdırılıb. Ermənistan məsələsində də bu koordinasiya davam edir. Bu da regionda dayanıqlı sülhün əldə olunmasına yönəlib. Paralel şəkildə aparılan danışıqlar öz məntiqi nəticəsini verəcək. Tezliklə regionda kommunikasiyalar açılacaq, xüsusən də Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan, Ermənistan, Türkiyə, İran, Gürcüstan və Rusiya bu imkanlardan faydalanacaq. Zəngəzur dəhlizinin açılması bütün region dövlətləri üçün uğurlu layihədir. Bunun davamı olaraq, Ermənistan və Azərbaycan arasında digər kommunikasiya xətlərinin də açılması və sərhədlərin delimitasiya və demarkasiyasının uğurla həyata keçirilməsi mümkün olacaq. Bu da bütövlükdə region dövlətlərinin iqtisadi inkişafına və əhalinin sosial rifahının yüksəlməsinə xidmət edəcək. Bu prosesin irəlilədiyini göstərmək üçün Prezident İlham Əliyev tərəfindən humanist addım atılıb-artıq Azərbaycan ərazisindən keçməklə Ermənistana tranzit yüklərin daşınmasına icazə verilib və bu artıq reallaşıb. Xüsusilə Qazaxıstan və Rusiyadan buğdanın Ermənistana daşınması üçün şərait yaradılıb və bu, Ermənistan cəmiyyəti də müsbət qarşılayıb. İnanırıq ki, bu proses uğurla davam edəcək və Ermənistan cəmiyyəti nəhayət anlayacaq ki, sülhün alternativi yoxdur. Azərbaycan ictimaiyyət nümayəndələrinin Ermənistana səfəri və yaxın zamanda erməni nümayəndələrin Azərbaycana gəlməsi də bu prosesin başlanğıcıdır. Gələcəkdə parlamentlər və digər sahələrdə qarşılıqlı dialoqların da şahidi olacağıq. Sülh sazişi imzalandıqdan sonra isə xalqların yaxınlaşması üçün ağır, amma vacib bir mərhələyə start veriləcək. Bu prosesin alternativi yoxdur. Artıq beynəlxalq aktorlar, o cümlədən Ermənistanın havadarı olan dövlətlər də reallığı qəbul edir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər