Ərdoğan Fələstinin tanınması təşəbbüsünü alqışlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa və Böyük Britaniyanın Fələstini tanımaq niyyətini müsbət dəyərləndirib. O, bu təşəbbüs münasibətilə Fransa Prezidenti Emmanuel Makronu təbrik etdiyini bildirib. Ərdoğan əlavə edib ki, Türkiyənin Yaxın Şərq siyasəti daim qəti və prinsipial olub.
Mövzu ilə bağlı politoloq Əli Zülfüqaroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, artıq böyük İsrailin qurulması və İsrailin yürütdüyü sionizmə əsaslanan siyasət dünyada ifşa olunub:
"Bu da o deməkdir ki, Böyük Britaniya başda olmaqla İsrailin müttəfiqləri sayılan ölkələrin daxili ictimai rəyi İsrail əleyhinə yönəlib. Nəticədə hökumətlərinə qarşı təzyiqlər artıb. Qəzzada törədilən dağıntılar, çoxsaylı insan tələfatına səbəb olan yanlış siyasət və qeyri-insani rəftar hökumətləri İsraillə münasibətlərinə yenidən baxmağa məcbur edir. Bu baxımdan hesab edirəm ki, əvvəlki dönəmlərdən fərqli olaraq, artıq İsrailə limitsiz dəstək verən ölkələr daha ehtiyatlı, Netanyahu sonrası dövrə hesablanan siyasət yürütməyə başlayıblar. Yəni İsraillə münasibətlərini Netanyahu hakimiyyətindən sonrakı mərhələyə uyğun olaraq formalaşdırmağa çalışacaqlar. Çünki ictimai rəydə formalaşan rəy hökumətləri mövqelərini dəyişməyə vadar edir. Bu kontekstdə Fələstin dövlətinin tanınması istiqamətində, xüsusilə Britaniya başda olmaqla bir sıra Qərb ölkələrinin addım atmasının arxasında həm də bu dayanır.
Digər tərəfdən, hazırda Suriyada əsas oyunçu Türkiyədir. Bu da o deməkdir ki, Suriyada fəaliyyət göstərməkdə maraqlı olan ölkələr, o cümlədən Avropa İttifaqı dövlətləri, Türkiyə ilə müəyyən diplomatik razılaşmalar əldə etməyə məcburdurlar. Hesab edirəm ki, Fransa başda olmaqla, Britaniya və digər Qərb ölkələri Türkiyə ilə bu istiqamətdə müzakirələr apara və Fələstin dövlətinin tanınması həm də bu diplomatik fəaliyyətdən qaynaqlana bilər. Təbii ki, bu prosesdə Netanyahunun yürütdüyü qeyri-adekvat siyasətin rolu mütləqdir. Eyni zamanda, xüsusilə Bayden dönəmində, onun hakimiyyətdən getməsinə hesablanan Qəzzadakı qırğınların davam etməsi, Bayden administrasiyası ilə müttəfiq olan Fransa, Britaniya və digər Avropa ölkələrinin Netanyahuya qarşı sərt addımlar atmasına gətirib çıxarır. Fələstin dövlətinin tanınması həm də İsrail daxilində Netanyahunun siyasətinə qarşı ictimai narazılığı artıracaq. İsrailin diplomatik manevr imkanları məhdudlaşır, müttəfiq dövlətlər tərəfindən ona qarşı atılan addımlar Netanyahunun siyasi mövqeyini zəiflədir. İsrail xalqı da bunun məsuliyyətini məhz onun üzərinə qoyacaq. Hesab edirəm ki, bir sıra ölkələrin atdığı bu addımlara həm də bu aspektdən yanaşmaq lazımdır.
Təbii ki, Fələstin dövlətinin tanınması hələ o demək deyil ki, Fələstinlə bağlı problem dərhal müsbətə doğru dəyişəcək və ya Fələstin problemi tamamilə həll olunacaq. Çünki iki dövlətli həll prosesi uzun illərdir ABŞ başda olmaqla bir sıra dövlətlər tərəfindən dəstəklənib. BMT-nin də bu istiqamətdə qərarları mövcuddur. Lakin məlumdur ki, ABŞ-də güclü lobiyə və qlobal sərmayədə önəmli yerə malik olan sionist lobbi və İsrailin sionist hökuməti bu prosesi dəfələrlə rədd edib. İki dövlətli həllə dəstək verən israilli siyasətçilərə qarşı terror aktları törədilib, onlara qarşı ciddi təzyiqlər göstərilib. Nəticədə Fələstin dövlətinin yaranması və müstəqil fəaliyyəti istiqamətində İsrail tərəfindən ciddi maneələr yaradılıb.
Bu baxımdan hesab edirəm ki, Fələstin dövlətinin bir sıra ölkələr tərəfindən tanınması problemin həlli üçün kifayət etmir. Problemin həlli üçün yeganə yol odur ki, sionizm İsrail hökumətində təmsil olunmamalıdır. Əks halda, nə qədər ki, İsrail hökuməti xarici siyasətini dini fanatizm üzərindən aparır və İsraildə teokratik rejimlər hökm sürür, nəinki Fələstin problemi həll edilməyəcək, ümumiyyətlə Yaxın Şərqdə sülh və əmin-amanlıq mümkün olmayacaq. Bu isə ilk növbədə İsrailin öz milli maraqları və mövcudluğu üçün başlıca təhdidlərdən biridir. Çünki sionizmin ifşa olunması bu ideologiyanın çöküşünü qaçılmaz edir. Bu da Fələstin dövlətinin qurulması və müstəqil fəaliyyəti üçün zəmin yaradır".

Xəlilli Nigar