00:00:00
Yazar
Güllər Gülhüseynova
11.08.2026 20:04 24 2 dəq oxuma
Siyasət

Ərdoğan ilə Ştoker Türkiyə-Aİ münasibətlərini qabardıblar

Ərdoğan ilə Ştoker Türkiyə-Aİ münasibətlərini qabardıblar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) ilə münasibətlərə dair fikir və gözləntilərini açıqlayıb.

 

"Gömrük İttifaqının yenilənməsi və viza liberallaşdırılması dialoqu başda olmaqla, Aİ-nin atacağı addımların hamımızın maraqlarına uyğun olduğunu vurğuladım",- Ərdoğan bildirib.

 

O, regional və qlobal məsələlərə də toxunub.

 

Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Gömrük İttifaqının yenilənməsi məsələsi hələlik müzakirə mərhələsindədir:

 

“Bir gün bu proses həqiqətən baş verərsə, o zaman bunu dəyərləndirmək üçün yeni şərtlərin nədən ibarət olduğuna baxmaq lazım gələcək. Əgər həmin şərtlər Türkiyənin istədiyi istiqamətdə olacaqsa, yəni rüsumların azaldılması, bazarlara qarşılıqlı giriş-çıxış şərtlərinin sadələşdirilməsi və qarşılıqlı ticarətdə tərəflərin bir-birinə hansı həcmdə və hansı məhsullar üzrə güzəştlər nəzərdə tutması kimi məsələlərdə Türkiyənin istədiyi nəticələr əldə olunacaqsa, bu, təbii ki, Türkiyə baxımından yeni iqtisadi dividendlər gətirəcək. Ancaq bu, Türkiyənin Avropa İttifaqına üzv olması məsələsini nəzərdə tutmur. Sadəcə gözlənti ondan ibarətdir ki, gömrük qaydaları yenilənərsə və tərəflər bir-biri ilə əlaqələrini daha da inkişaf etdirə bilsələr, bu, gələcəkdə müsbət addımların sayının artmasına xidmət edən amilə çevrilə bilər. Zamanla tərəflər arasında əlaqələr o qədər güclənə bilər ki, Avropa İttifaqı bazarı ilə Türkiyə bazarı daha da yaxınlaşar. Bu da Türkiyənin Avropa İttifaqına qoşulma prosesini sürətləndirən amillərdən birinə çevrilə bilər. Bu gün hansı bazarın digərindən daha çox asılı olması məsələsinə gəldikdə isə burada söhbətin hansı məhsullardan getdiyinə baxmaq lazımdır”.

 

Tədqiqatçı həmçinin bunu da qeyd edib ki, sənaye və texnologiya məsələsində Türkiyə bazarı müəyyən dərəcədə Avropa bazarından asılıdır:

 

“Texnoloji inkişaf əsasən Qərb istiqamətində formalaşıb və təkcə Türkiyəyə deyil, Çinə, Rusiyaya və digər inkişaf etmiş qeyri-Avropa ölkələrinə də Avropa bazarlarından yayılıb. Bu baxımdan Türkiyə Avropa bazarlarından müəyyən dərəcədə geri qalır. Ancaq kənd təsərrüfatı məhsullarının bəzilərində, tekstil sahəsində və digər bəzi sənaye məhsullarında elə istiqamətlər var ki, burada Avropa bazarlarının Türkiyəyə ehtiyacı mövcuddur. Elə məhsullar da var ki, əksinə, Türkiyənin Avropa bazarlarına ehtiyacı daha çoxdur. Ona görə də burada hansı məhsulların nəzərdə tutulduğuna və asılılıq dərəcəsinin nə qədər olduğuna baxmaq lazımdır. 10-15 il əvvələ qədər Türkiyə bazarları Avropa bazarlarından daha çox asılı idi. Amma bu gün Türkiyə həm texnologiya, həm də sənaye, tekstil və digər istehlak məhsulları baxımından öz daxili bazarlarının imkanlarını və resurslarını sürətlə genişləndirir. Bu da Avropadan asılılığın azalmasına gətirib çıxarır. Avropanın qarşılaşdığı ümumi problemlər də nəzərə alınarsa, gələcəkdə bu asılılıq tamamilə aradan qalmasa belə, Türkiyə daxili tələbatını təmin etmək istiqamətində daha böyük yol qət edə və Avropadan asılılığını daha da azalda bilər”.

 

Güllər Gülhüseynova

#qabardıblar #ərdoğan #gündəm #münasibətlərini
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər