00:00:00
Yazar
Admin User
18.09.2025 17:19 99 3 dəq oxuma
Siyasət

Ərdoğan Netanyahunun Qüds ilə bağlı dediklərinə cavab verib

Ərdoğan Netanyahunun Qüds ilə bağlı dediklərinə cavab verib

 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Baş naziri Benyamin Netanyahunun Qüdsə dair açıqlamalarına cavab verərək bildirib ki, Qüdsün statusu danışıqlar mövzusu deyil və Türkiyə bu məsələdə mövqeyini açıq şəkildə qoruyacaq.

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı "İnformator.az"a açıqlamasında bildirib ki, Türkiyə və İsrail bir-birinə qarşı radikal addımlar ata bilməzlər:

 

"Qüds məsələsi başladığı ilk gündən etibarən — yəni İsrail və Fələstin hələ müstəqillik qazanmadığı 1940-cı illərdən — bu məsələnin sırf siyasi və beynəlxalq çərçivədən çıxaraq etnik-dini bir məsələyə çevriləcəyi artıq hər kəsə bəlli idi. Bu proseslərin məntiqi davamı olaraq bu gün Qüds məsələsində İsrail-İran, İsrail-Türkiyə, İsrail-Ərəb qarşıdurmaları yaşanır. Bu zaman Türkiyə ilə Ərəb dünyası arasında da güc siyasəti ilə bağlı anlaşmazlıqlar meydana çıxır. Həmçinin İran və Türkiyə arasında da bu istiqamətdə fikir ayrılıqları müşahidə olunur.

Qüds elə bir məkandır ki, bütün dinlər öz başlanğıc nöqtəsini ora bağlaya bilir, ora aid olduqlarını düşünürlər. Hər bir tərəf öz tarixi faktlarına əsaslanaraq Qüds üzərində iddia irəli sürür. Belə bir atmosferdə Qüds təbii olaraq beynəlxalq məsələyə çevrilir.

R.T. Ərdoğanın Netanyahunun açıqlamaları ilə bağlı verdiyi reaksiyalar isə Türkiyə-İsrail münasibətlərinə hazırkı mərhələdə kəskin təsir göstərməyəcək. Çünki həm Türkiyə, həm də İsrail iqtisadi baxımdan bir-biri ilə əlaqəli dövlətlərdir. Bir tərəfin digərinə təsiri az və ya çox olsa da, qarşılıqlı iqtisadi asılılıq onları radikal addımlar atmaqdan çəkindirir. Lakin problem davam edərsə və tərəflər bir-birinə qarşı düşmən münasibəti dəyişməzsə, bu zaman həm İsrail, həm də Türkiyə daxili auditoriyaya qarşı düşmən obrazını media vasitəsilə və ya başqa formalarda kəskin şəkildə təqdim etməyə başlayacaq. Bu isə iki tərəf arasında qarşıdurma riskini artıracaq".

 

Həşim Səhrablı əlavə edib ki, ABŞ bu mövzuya hər zaman İsrail tərəfdən yanaşır:

 

"Belə olduğu halda iqtisadiyyatlar zərər görsə də, insanlar və vətəndaşlar sırf ‘düşmən’ faktoruna görə bu çətinliklərə sinə gərəcəklər. Onsuz da beynəlxalq ictimaiyyət Qüds məsələsində öz mövqeyini az-çox ortaya qoyur. Hər kəs oranı özünün dini-mənəvi beşiyi hesab edir və bu istiqamətdə danışır.

Dövlətlər baxımından isə bu gün dünya ictimaiyyətində ciddi fikir ayrılıqları mövcuddur. Şərq dövlətləri iki dövlətli həll prinsipini birmənalı şəkildə dəstəkləsələr də, aralarında ciddi fikir ayrılıqları mövcuddur. Böyük Britaniya və ABŞ münasibətlərinə baxdıqda isə, ABŞ birmənalı şəkildə İsrail mövqeyini müdafiə edir. İki dövlətli həll prinsipini yalnız İsrailin istədiyi formatda qəbul edir.

Böyük Britaniya isə bildirir ki, iki dövlətli həll prinsipi BMT-nin qəbul etdiyi tarixi qərarlar çərçivəsində həyata keçirilməlidir. Fransa və İspaniya kimi dövlətlər isə münaqişənin sona çatmasını və iki dövlətli həllin beynəlxalq hüquqa uyğun formada reallaşdırılmasını dəstəkləyir.

İsrail, başda ABŞ və digər tərəfdaşları olmaqla, hələ də güc amilindən istifadə edərək tarixi qərarlara əsaslanmaq əvəzinə, öz maraqlarını önə çəkməyə çalışır. Bu da problemin davam etməsinə səbəb olur.

Türkiyə bu məsələni ilk növbədə Ərəb dünyası və ümumilikdə İslam aləmində həll etməyə çalışmalıdır. Çünki burada söhbət Fələstin dövlətindən gedir — etnik ərəblərin və dini baxımdan müsəlmanların yaşadığı bir ölkədən. Türk dünyası bu məsələni İslam-Ərəb kontekstində beynəlxalq platformaya çıxarmalıdır. Türkiyə çalışmalıdır ki, Ərəb dövlətlərini və ümumilikdə İslam dünyasını bu məsələdə vahid mövqedə birləşdirsin".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər