Ərdoğan Venesuela məsələsində Türkiyənin mövqeyini açıqlayıb
Nikolas Maduro və Venesuela xalqı dəfələrlə Türkiyə ilə dost olduqlarını bəyan ediblər. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra deyib.
Türkiyə və Venesuela çətin dövrlər də daxil olmaqla daim həmrəyliyə üstünlük verən dost dövlətlərdir. Ərdoğan beynəlxalq hüququn və dövlətlərin suverenliyinin pozulmasının qlobal risklər yaratdığını vurğulayaraq, Türkiyənin hüquqa zidd heç bir addımı qəbul etmədiyini bildirib. O, Türkiyənin beynəlxalq platformalarda ölkəni şərəf və qürurla təmsil etdiyini qeyd edib.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlama edən Ağ Partiya başqanının müavini, beynəlxalq məsələlər üzrə şərhçi Cavanşir Abbaslı bildirib ki, burada Türkiyənin açıq formada mənəvi dəstək verdiyini söyləmək mümkün deyil:
“Çünki açıq dəstək mərhələsi artıq geridə qalıb. Heç bir ölkə açıq şəkildə dəstək verməyib. Əgər belə bir dəstək olsaydı, Amerika bu qədər rahat formada müdaxilə edib istədiyini edə bilməzdi. Bu baxımdan, Türkiyə ilk növbədə beynəlxalq hüquq normalarını qoruyur. Yəni atılan addımın beynəlxalq hüquqa zidd olduğunu açıq şəkildə göstərir və bu, olduqca doğru bir mövqedir.
Təbii ki, hər bir dövlətin geosiyasi maraqları mövcuddur. Amma burada qeyd etmək lazımdır ki, geosiyasi maraqlar artıq ikinci plana keçməyə başlayıb. Çünki bu addım atıldıqdan, yəni Maduronun Amerikaya gətirilməsindən sonra bütün dövlətlərin maraqları orada zədələnib. Yalnız Amerikanın maraqları təmin olunub. Bu səbəbdən, Ankara sadəcə beynəlxalq hüquq normalarına düzgün şəkildə riayət olunmasını dolayısı ilə tələb edir. Verilən açıqlamalar da bu xətt üzrə olmalıdır. Yəni bu mövqe hesablanmış və düşünülmüş bir mövqedir. Dediyim kimi, olduqca doğru bir addım atılır.
C. Abbaslı qeyd edib ki, Maduro, təbii ki, hər bir ölkənin marağında olan bir fiqur olub:
“Çünki o, Venesuelanın rəhbəri olub və Venesuela neft ehtiyatlarına görə dünyanın birinci ölkəsidir. Bu səbəbdən bütün dövlətlərin, o cümlədən, Türkiyənin də orada maraqları var olub. Bu baxımdan, qardaş ölkənin həmin proseslərdə aktiv şəkildə yer almaq istəyi tamamilə təbiidir.
Bundan sonra proseslərin necə inkişaf edəcəyi artıq görünəcək. Çünki Amerikadan Türkiyəyə yönəlik açıqlamalar və atılan addımlar var, Türkiyənin də buna cavabları mövcuddur. Qeyd edək ki, Türkiyənin Venesueladakı rolu bundan sonra artacaq. Amma indiyə qədər də bu rolun artmasına ciddi maneə olmayıb, əksinə müəyyən imkanlar yaradıb. İstənilən halda, bu açıqlama birbaşa Maduronun həyat yoldaşı ilə birlikdə qəbuledilməz şəkildə Amerikaya gətirilməsinin beynəlxalq hüquq normalarına zidd olduğunu açıq şəkildə bəyan edir”.

Ləman Mahmudlu
