Ərdoğanın nümayəndəsi İrəvana gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın bu həftə İrəvana səfəri gözlənilir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, artıq Zəngəzur Dəhlizi regionun balansını dəyişib:
"Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın bu həftə İrəvana gözlənilən səfəri Ermənistanda müzakirələrə səbəb olub. Şərhlərdən görünür ki, orada bir narahatlıq var. Əslində isə münasibətlərin normallaşdırılması, sərhədlərin və dəhlizlərin açılması üçün danışıqlar sevinclə qarşılanmalıdır. İrəvanda qorxunun olmasının səbəbləri var. Paşinyanın demək olar bütün çıxışlarında istifadə etdiyi “Əsl Ermənistan” və ya “Real Ermənistan” ifadələri bəzi insanlara yad gəlir. Miatsum ideologiyası, hətta Bakıya iddialar beynlərini zəhərləyib, və indi təqdim olunan “Real Ermənistan”ı qəbul etməkdə çətinlik çəkirlər. Ermənistanın sərhədləri ilə kifayətlənmək, qonşularla problemləri aradan qaldırıb normal münasibətlər qurmaq onları qorxudur. Sanki hər açılacaq sərhəd və ya qurulacaq diplomatik və ticarət əlaqəsi onlardan nəyinsə “qoparılması” kimi görünür. Əslində isə bu qorxulu deyil, faydalıdır.Buna görə də Sərdar Kılıçın səfəri Ermənistanda narahatlıqla qarşılanır. Onlar düşünürlər ki, o, yeni tələblər irəli sürəcək və Zəngəzur Dəhlizinin Azərbaycanın şərtləri ilə açılmasını istəyəcək. Lakin anlayış yoxdur ki, həm Azərbaycanın, həm də Türkiyənin tələbi sülh və əməkdaşlıqdır. Zəngəzur Dəhlizinin açılması da bu əməkdaşlığın tələblərindən biridir. Ermənistan cəmiyyətində dəhlizdən gələcək siyasi və iqtisadi faydalar hiss edildikcə, bu günkü qorxuların əsassız olduğu aydın olacaq. Artıq Zəngəzur Dəhlizi regionun balansını dəyişib. Ölkələr problemləri kənara qoyaraq əməkdaşlığa can atır, qərarları birlikdə qəbul edir və xarici müdaxilələri minimuma endirirlər. Bu isə Cənubi Qafqazda dövlətlərin daha müstəqil addımlar atmasına imkan yaradır və Qərblə Şərqlə bərabərhüquqlu münasibətlərin qurulmasını təmin edir".
Qəmər Kazımzadə