Rəsmi Moskva: Avropa İttifaqı Rusiya ilə birbaşa hərbi qarşıdurmaya hazırlaşır
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, NATO ölkələrinin və ona tabe olan Avropa Birliyinin hərbi inkişaf siyasətinin əsas istiqaməti onların iqtisadiyyatlarını, infrastrukturunu, logistikasını, cəmiyyətlərini və hərbi təşkilatlarını Rusiya ilə birbaşa silahlı münaqişəyə hazırlamaqdır.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Avropa Rusiya təhdidini süni şəkildə şişirdir və ictimai rəyi bu fikrə inandırmağa çalışır:
"Bu səsləndirilmiş fikirlər heç bir reallığı əks etdirmir. Avropa İttifaqı hazırda böyük təlatüm və qeyri-müəyyənlik yaşayır. Çünki ABŞ Avropaya olan təhlükəsizlik təminatlarını tədricən geri çəkir. Bu səbəbdən avropalılar tərəddüd içindədirlər ki, onların təhlükəsizliyini bundan sonra kim təmin edəcək. Digər tərəfdən isə Avropanın şişirdilmiş fərziyyələri var. Guya Rusiya onlara hücum etməyə hazırlaşır və Ukrayna müharibəsi bitdikdən sonra Rusiyanın Avropanın aparıcı dövlətləri ilə birbaşa toqquşması qaçılmaz olacaq. Bütün bunlar sadəcə xülyadır. Bu xülyaların arxasında isə süni elementlər dayanır. Məqsəd avropalıların hərbi-texniki və texnoloji sahələrdə özlərinə yeni padratlar qazandırması, hərbi sənaye kompleksinin fəaliyyəti üçün yeni imkanlar yaratmasıdır. Çünki bu, iqtisadi artıma nail olmağın yollarından biridir. Aydın görünür ki, Avropa Rusiya təhdidini süni şəkildə şişirdir və ictimai rəyi bu fikrə inandırmağa çalışır. Əslində, Rusiya ilə Avropa arasında qarşıdurma gedir və bu savaş Ukrayna meydanında baş tutur. Rusiya daha çox Ukrayna ilə deyil, Qərblə vuruşur. Qərb artıq gizlətmir ki, Ukrayna ilə bağlı proseslərdə silah-sursat və digər resurslarını səfərbər edir. Burada əsas məqamlardan biri də odur ki, Ukrayna adı ilə göndərilən yardımların böyük hissəsi, əslində, həmin yardımı ayıran ölkələrin öz maliyyə dəhlizlərində qalır. Yardımlar müxtəlif yollarla həmin ölkələrdə saxlanılır, padratlar işə salınır və nəticədə Ukraynaya real çatan yardım əvvəlcədən nəzərdə tutulanın təxminən 40 faizini keçmir. Bunu qərbin özündə aparılan araşdırmalar və ekspert rəyləri də təsdiqləyir. Burada bir tərəfdən süni xov yaradılır, digər tərəfdən isə insanlar bu qorxu ilə idarə olunmağa çalışılır. Deyilə bilməz ki, Avropalıların səsləndirdikləri həyəcan siqnalları real əsaslara söykənir. Əksinə, Rusiyaya qarşı hazırlanan Ukrayna batalyonlarının Kursk vilayətində necə döyüşdüyünü görülüb. Onlar savaşda özlərini ciddi şəkildə göstəriblər və bu Avropanın birbaşa verdiyi dəstəyin nəticəsidir. Britaniya, Almaniya, Polşa, Litva və digər ölkələrin təlimatçıları 2014-cü ildən bu yana Ukraynanın silahlı qüvvələrini Rusiya ilə toqquşmaya hazırlayıblar. Ukrayna müharibəyə planlı şəkildə hazırlanıb. İndi isə Rusiya, bəlkə də ləng olsa da, müəyyən istiqamətlərdə irəliləyir. Hazırda Rusiya 9 istiqamətdə hücum mövqeyindədir. Əgər Zelenski və onun ətrafında olan qüvvələr tezliklə sülh müqaviləsinə razılaşmasalar, Ukrayna daha çox itkilərlə üzləşəcək. Bu artıq danılmaz bir həqiqətdir. NATO və Avropa İttifaqına gəldikdə isə, hazırlıqlar davam edir, hərbi kadrlar öz vəsaitlərini alır və bu proseslər fonunda dünya müharibəsinin əlamətləri də görünməkdədir. Bu qarşıdurmada təxminən 50-yə yaxın ölkə dolayısı ilə iştirak edir. Ukrayna ərazisində gedən gərgin savaş isə, məhz Avropa ölkələrinin fəallığı nəticəsində daha da alovlanır".
Həmçinin müsahib qeyd edib ki, bu səbəbdən Donald Tramp bu prosesdə məsuliyyət daşımamaq üçün özünü kənara çəkməyə çalışır və bildirir ki, sülh istəyir:
"Ona sadəcə sülh lazım deyil, bu həm də siyasi strategiyadır. Çünki bir ildən sonra ABŞ-də konqres seçkiləri keçiriləcək və Trump çalışacaq ki, Respublikaçılar Partiyasının mövqelərini gücləndirsin. Ən azı indiki mövqeləri qorumağa nail olsun. Amerika siyasətində hər nə qədər xarici dividendlərin daxili siyasətə təsiri az hesab olunsa da, Rusiya-Ukrayna qarşıdurması o qədər geniş rezonans doğurub ki, əgər Tramp bu münaqişədə sülhə nail ola bilsə, həm dünyada nüfuz qazanacaq, həm də ölkə daxilində siyasi mövqeyini gücləndirən biləcək. Trampın fəaliyyəti nəticəsində hazırda ABŞ daxilində ciddi narazılıqlar müşahidə olunur. Onun başladığı ticarət müharibələri bəzi hallarda Amerikanın iqtisadi göstəricilərini aşağı salıb, ölkəni zəiflədib. İnfilyasiya artır, qiymətlər bahalaşır. Əgər Tramp yenidən tarif siyasətinə üstünlük verərsə, digər ölkələr də buna qarşı addımlar atacaq. Hazırda Braziliya, Hindistan və digər mühüm ölkələr Trampa qarşı sərt mövqe nümayiş etdirirlər. Bu səbəbdən Avropa və NATO bir qədər təklənmiş vəziyyətdədir. Tramp hər nə qədər onlara dəstək vəd etsə də, açıq şəkildə bildirir ki, bu dəstəyi pulsuz göstərməyəcək, istənilən resurs və texnikanı yalnız satış yolu ilə təqdim edəcək. ABŞ onsuz da Rusiya ilə qarşıdurma çərçivəsində, xüsusilə Bayden dövründə, böyük maliyyə vəsaiti xərcləyib. Tramp isə bu vəsaitin bir hissəsinin geri qaytarılmasını ölkəsi üçün prioritet sayır. Onun fərqli yanaşması var və Tramp sistemdən kənar bir siyasətçidir. Bununla belə, Qərb və Rusiya tarixən və indi də bir-birinə qarşı düşmən və rəqib mövqedədir. Hər iki tərəf bir-birini zəiflətməyə çalışır. Qərb isə əsasən Ukrayna kampaniyasından istifadə edərək Rusiyanı iqtisadi baxımdan tükəndirmək və resurslarını sərf etdirmək strategiyasını yürüdür. Amma Rusiya da, demək olar ki, eyni tərzdə Qərbə cavab verir və onu zəiflədir. Hələlik hansı tərəfin bu qarşıdurmadan daha çox qazanc əldə edəcəyi bəlli deyil. Rəqibin zəifləməsi özü-özlüyündə qazancla bərabər sayılsa da, bu prosesin son nəticəsi hələ məlum deyil. Rusiyanın tədqiqat və hesablama mərkəzləri, ekspert çevrələri və siyasi dairələri yaxşı anlayırlar ki, bu münaqişə hələ son deyil. Savaşdan sonra yeni qarşıdurma xətləri müəyyən olunacaq. Bu artıq qlobal siyasətin tərkib hissəsinə çevrilmiş bir prosesdir və dünya getdikcə daha böyük qarşıdurmaya doğru addımlayır. Belə bir vəziyyətdə son ehtiyatların sərf olunması heç bir tərəf üçün məqbul deyil. Qərb isə düşünür ki, geniş resurs bazasına sahibdir və istədiyi halda bu imkanlarla digər ölkələrə siyasətini diktə edə bilər. Lakin dünya xalqları arasında oyanış baş verir. Bir çox ölkələr Qərbin neomüstəmləkəçilik siyasətinə qarşı sərt cavab verməyə başlayıb. Əgər Qərb bu reallığı nəzərə alıb mövqeyini yumşaltsa və sülhə hazır olsa, bu həm Avropa, həm də Qərb üçün yeni imkanlar aça bilər".
Səmayə Səftərova