Rubinyandan Türkiyə ilə görüş barədə mühüm açıqlama
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün xüsusi nümayəndələrin növbəti görüşü Türkiyədə baş tuta bilər.Bu barədə Ermənistanın xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib.
“Bizim altıncı görüşümüz bu yaxınlarda baş tutub. Bundan əvvəl biz bütün görüşləri üçüncü ölkələrdə keçirmişik, bir görüş də sərhəddə. Sonuncu görüş İrəvanda baş tutub. Bu, simvolik mənada müsbət haldır” , - o qeyd edib.
Qeyd edək ki, görüşün tarixi hələ müəyyən edilməyib.
Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinin şahidi oluruq:
“Əvvəlki – altıncı görüşdən fərqli olaraq, sonuncu görüşün məhz İrəvanda keçirilməsi bu prosesdə mühüm irəliləyiş kimi qiymətləndirilə bilər. Bu da təsadüfi deyil. Çünki 8 avqust tarixində Vaşinqtonda ABŞ-nin dəstəyi ilə keçirilən Azərbaycan-Ermənistan görüşündə sülh sazişinin paraflanmasından sonra belə bir addımın atılması diqqət çəkir.
Azərbaycanla aparılan danışıqlar fonunda Türkiyə və Pakistanın Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində mövqeləri, əslində, Azərbaycanın maraqlarının və mövqeyinin nəzərə alındığını göstərir. Sonuncu görüşün İrəvanda keçirilməsi, gələcək görüşün isə Türkiyədə baş tutacağı ehtimalını gücləndirir. Bu, münasibətlərin normallaşdırılması yolunda növbəti müsbət addımdır və Türkiyə tərəfindən Ermənistana edilən jest kimi də dəyərləndirilə bilər”.
Xəyal Bəşirov bildirib ki, Ermənistan bu addımların əsas səbəbinin Azərbaycanla münasibətlərdə irəliləyişdən asılı olduğunu anlamalıdır:
“Türkiyə-Ermənistan dialoqunun uğurla davam etməsi üçün əsas şərt də məhz budur. Lakin prosesdə hələ də ciddi maneələr mövcuddur. Bu maneələr, ilk növbədə, Ermənistanın konstitusiyasında dəyişikliklər etməməsi, yəni Azərbaycana qarşı ərazi iddialarından imtina etməməsi ilə bağlıdır.Əgər Ermənistan bu addımı atmasa, Azərbaycanla münasibətlərin tam normallaşması mümkün olmayacaq və sülh sazişi imzalanmayacaq. Bu isə, öz növbəsində, Türkiyə-Ermənistan münasibətlərinin əsas şərti olan sərhədlərin açılmasını da mümkünsüz edəcək.
Deməli, əsas maneə Ermənistanın öz mövqeyində qalmasıdır. Gözlənilir ki, istər İrəvanda, istərsə də Türkiyədə keçiriləcək görüşlərdə bu məqam Ermənistan tərəfinin diqqətinə bir daha çatdırılacaq”.

Ləman Mahmudlu