Rus təyyarəsi və NATO-nun qərarvermə çətinliyi
ABŞ-nin Avropadan çəkilməsi NATO-nu zəiflətdi. Rusiya Prezidenti Vladimir Putin isə NATO-nu sınamağa və üzv ölkələrin reaksiyasını cəzasız provokasiyalarla yoxlamağa davam edəcək.
Bunu Fransa generalı, hərbi strategiya üzrə ekspert Nikola Rişu bildirib:
“Vladimir Putinin qərar qəbul etməkdə birliyi var, çünki bütün qərarları təkbaşına o verir, buna görə də daha sürətli hərəkət edir. Çünki koalisiya – bu, həmişə müzakirədir, qərara gəlmək daha çətindir. Bu halda rus təyyarəsini vurmaq qərarını kim qəbul edəcək?”
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az"a bildirib ki, “Rus təyyarəsini kim vuracaq?” sualı əslində NATO-nun kollektiv müdafiə mexanizmlərinin və qərarvermə prosesinin necə işlədiyini anlamaq üçün mühüm bir nümunədir:
"Alyans daxilində hərbi addımlar təkbaşına deyil, ümumi siyasi konsensus əsasında atılır. NATO ölkələri arasında qəbul olunmuş qaydalara görə, bu cür həssas məsələlərdə qərarvermə mexanizmi müzakirələr, koordinasiya və kollektiv məsuliyyət üzərində qurulub. Yəni hər hansı ölkənin sərbəst addımı alyansın bütün üzvləri tərəfindən dəstəklənmədikcə, tam legitimlik qazanmış hesab olunmur. ABŞ-nin Avropadakı hərbi mövcudluğunun zəifləməsi NATO daxilində güc mərkəzlərinin balansını dəyişib. Vaxtilə Vaşinqtonun liderliyi ilə daha çevik və vahid reaksiya mümkün idisə, indi Avropa dövlətlərinin daha çox yük götürməsi, lakin eyni zamanda qərarvermənin yavaşıması müşahidə olunur. Bu, xüsusilə də təyyarə insidentləri kimi ani reaksiya tələb edən hallarda tərəddüdlərə və ehtiyatlı mövqelərə səbəb ola bilər. Nəticədə alyans daxilində daha çox məsləhətləşmə, amma daha gecikmiş cavab ehtimalı güclənir.
Əgər hər hansı NATO üzvü rus təyyarəsini vurmaq kimi kəskin addım atarsa, bu, sırf hərbi qərardan daha çox siyasi təsdiq tələb edəcək. Belə bir əməliyyat yalnız həmin ölkənin iradəsi ilə həyata keçirilə bilməz; ali siyasi səviyyədə – dövlət başçıları, müdafiə və xarici işlər nazirlərinin iştirakı ilə legitimləşdirilməlidir. Bu təsdiq olmadan atılan hərbi addım NATO daxilində parçalanmaya gətirə bilər. Ona görə də belə situasiyalarda yalnız kollektiv qərar alyansın həm hüquqi, həm də siyasi mövqeyini gücləndirə bilər".
Fatimə Heydərova