00:00:00
Yazar
Admin User
12.09.2025 19:01 188 2 dəq oxuma
Siyasət

Rusiya 3+3 platformasında görüşləri sürətləndirməyi gözləyir

Rusiya 3+3 platformasında görüşləri sürətləndirməyi gözləyir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, Rusiya və İranı əhatə edən “3+3” regional əməkdaşlıq formatı Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq və Cənubi Qafqazda aktual məsələləri müzakirə etmək üçün əlverişli platformadır.

 

 

Mövzu ilə bağlı politoloq Aytən Qurbanova “İnformator.az”a açıqlamasında bildirib ki, “3+3” platformasının effektivliyi üçün regionda qarşılıqlı etimad bərpa olunmalı, Rusiya isə konstruktiv mövqe sərgiləməlidir:

 

" “3+3” platforması Azərbaycan tərəfindən irəli sürülmüş və regionda sülh, sabitlik, dialoq mühitinin yaradılması, əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün vacib olan bir təşəbbüsdür. Azərbaycan bu platforma çərçivəsində danışıqların davam etdirilməsini hər zaman təşviq edib. Lakin hazırkı mərhələdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh sazişinin imzalanması istiqamətində əsas və effektiv platforma ikitərəfli formatdır. Artıq bu format çərçivəsində ciddi irəliləyiş əldə olunub.
Bu baxımdan, “3+3” çərçivəsində danışıqlar ancaq regional əməkdaşlıq kontekstində əhəmiyyət daşıya bilər. Ermənistanla münasibətlər ilkin olaraq ikitərəfli əsasda davam etdirilməlidir. Sülh müqaviləsi imzalandıqdan sonra “3+3” çərçivəsində yeni mərhələyə keçid mümkün ola bilər. Rusiyanın son bəyanatları göstərir ki, o, bu prosesdən kənarda qalmaq istəmir. Lakin münasibətlərin normallaşması üçün Rusiya Azərbaycana qarşı aqressiv ritorikadan və qeyri-konstruktiv yanaşmalardan imtina etməlidir. Xüsusilə, təyyarəmizin vurulması ilə bağlı məsələ ciddi araşdırılmalı, təzminat ödənilməli və rəsmi üzrxahlıq edilməlidir. Cənab Prezidentin bu mövzuda qətiyyətli mövqeyi var. Yalnız bundan sonra münasibətlərin normallaşmasından və “3+3” platforması çərçivəsində əməkdaşlığın mümkünlüyündən danışmaq olar. Hazırkı şəraitdə isə Rusiyanın sərgilədiyi ritorika və mövqeyi fonunda bu platformanın regionda münasibətləri yumşaltmaq gücündə olduğunu düşünmürəm. Bunun üçün əvvəlcə Rusiyanın xarici siyasətində ciddi dəyişikliklər aparılmalıdır".

 

Zəri Bayramova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər