Rusiya ABŞ-lə sammitin pozulması iddialarını rədd edib
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın Budapeştdə keçirilməsi planlaşdırılan sammitinin pozulması ilə bağlı iddiaları rədd edib. Bu barədə Rusiya KİV məlumat yayıb. D. Peskov həmçinin xatırladıb ki, Tramp və Putin vaxtı boş yerə itirmək istəmədiklərini bəyan ediblər: “Onlar sadəcə görüşmək naminə toplaşmaq istəmirlər”.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Mütəllim Rəhimli bildirib ki, ABŞ və Rusiya prezidentlərinin görüşü Ukrayna müharibəsinin dayandırılması ilə bağlı razılıq əldə etmək məqsədilə planlaşdırılıb:
"Avqust ayında Alyaskada keçirilən görüşdə heç bir razılıq əldə edilmədi. Putinin şərtləri qarşı tərəfdə qəbul olunmadı. ABŞ prezidenti faktiki olaraq nəticə qazanmayıb. Lakin Putin, Beynəlxalq Cinayət Məhkəməsinin onunla bağlı həbs qərarına rəğmən, ABŞ-yə maneəsiz gediş-gəliş edib. Nəticədə Putin özünün reputasiyasını xeyli yaxşılaşdıra bilib.
İndi isə ABŞ növbəti görüşün keçirilməsinə tələsmək istəmir. Bununla belə, Trampın üzərinə götürdüyü sülh yaratma missiyasına uyğun olaraq Rusiya ilə əlaqələri də kəsmək istəmir. Ona görə də prezidentlərin görüşü məsələsi gündəmdən çıxarılmır. Lakin bu dəfəki görüşdən Trampın əliboş qayıtmaq niyyəti yoxdur. Əks halda onun nüfuzu ciddi şəkildə zədələnə bilər və Rusiyanın xeyrinə işlədiyi ilə bağlı ittihamlar kifayət qədər əsaslar qazana bilər. Bu isə Tramp üçün böyük risk deməkdir. Belə ki, Putinə növbəti dəfə həbs qərarı verilsə də, ona toxunulmaya bilər; o, ən yüksək səviyyədə qarşılanıb yola salına bilər. Bu isə ABŞ ilə Avropa İttifaqı arasında anlaşılmazlığı bir qədər də dərinləşdirə bilər.
Əslində ABŞ və Rusiya prezidentlərinin görüşü ilə bağlı bir-birinə zidd informasiyalar gəlməkdədir. Hətta ABŞ-nin rəsmi şəxsləri də dolaşıq məlumatlar verirlər. Bir gün görüşün olacağını, sonrakı gün isə çox nəzakətli şəkildə bunun baş tutmayacağını deyiblər. Bu siyasi manipulyasiyadan başqa bir şey deyil. ABŞ qarşı tərəfə bununla mesajlar ötürüb: biz danışıqlar prosesini dayandıra və Ukraynaya yardım edə bilərik. Bu, Rusiyanı müharibədə reallığı nəzərə almağa çağırış da hesab edilə bilər. Rusiya prezidenti faktiki olaraq qorxu və ümid arasında saxlanılıb. İki ölkə prezidentinin görüşünün baş tutmaması ehtimalı çox aşağıdır. Çünki bütün müharibələrin sonu danışıqlar masası ətrafında bitib. Məntiqi nöqteyi nəzərdən yanaşsaq, Putinin də, Trampın da belə bir görüşün keçirilməsinə ehtiyacı var.
Rusiya daxilində enerji təchizatı sistemlərinin, neftayırma və silah zavodlarının vurulması onun müharibəni əvvəlki tempdə aparmasına maneə olub. Buna görə Putinin müharibəni dayandırması lazımdır. Lakin o siyasi manevrlər edərək atəşkəsdən maksimum fayda götürmək istəyib. Tramp üçün isə bu görüş sülh missiyasının davamı üçün gərəkdir. O, özünü inandırıb ki, müharibələrə son qoyan prezident kimi tarixə düşəcək. Komandası da bu fikri ona təlqin edib.
Görüşün uzanması Ukrayna cəbhəsində vəziyyəti daha da ağırlaşdıracaq. Tərəflər danışıqlara qədər cəbhədə vəziyyətlərini maksimum yaxşılaşdırmağa çalışacaqlar. Bu isə daha çox insan itkisi, infrastrukturların dağıdılması deməkdir. Ona görə də bu ərəfədə Avropa İttifaqı Ukraynaya daha çox dəstək verəcək. Rusiya isə uzaqmənzilli raketlərdən istifadə edərək Ukraynaya daha çox zərbələr endirəcək".
Aygün Babayeva
