Rusiya–ABŞ sammiti hələ də gündəmdədir
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Rusiya və ABŞ liderlərinin Budapeştdə keçirilməsi planlaşdırılan sammiti hələ də gündəmdə qalır və ləğv edilməyib, sadəcə təxirə salınıb. Bu sammit, beynəlxalq səviyyədə sülh və təhlükəsizlik müzakirələri üçün mühüm hadisə kimi qiymətləndirilir. Təxirə salınmasına baxmayaraq, görüşün keçirilməsi perspektivi diplomatik gərginliyi azaltmaq və tərəflər arasında dialoqu davam etdirmək baxımından əhəmiyyətlidir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova bildirib ki,ilk növbədə qeyd etmək lazımdır ki, Rusiya və ABŞ liderləri arasında Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı daha əvvəl keçirilən görüşlər göstərir ki, hazırkı şəraitdə tərəflərin mövqelərində ciddi dəyişiklik müşahidə olunmur:
"Bu isə keçirilən istənilən görüşün uğurlu nəticələr verməsinə olan inamı azaldır. Bu baxımdan, Budapeşt Sammiti də istisna təşkil etmir. Hər iki tərəfin verdiyi açıqlamalar və paylaşdığı məlumatlar bir daha sübut edir ki, nə Rusiya, nə də ABŞ dolayısı ilə Ukraynanın mövqeyində dəyişikliklərə səbəb olacaq addımlar atmaq niyyətində deyil. Bu müstəvidə əsas diqqət Rusiyanın mövqeyinə yönəlməlidir. Çünki məhz Rusiyanın irəli sürdüyü maksimalist tələblər - Ukraynanın ərazi bütövlüyünün pozulması, suverenliyinin nəzərə alınmaması və işğalın legitimləşdirilməsi cəhdləri - danışıqlar prosesində ciddi maneələr yaradır. Rusiya bu maksimalist mövqeyindən geri çəkilmədiyi təqdirdə, istənilən danışıqlar platformasında irəliləyişə nail olunması, nə atəşkəsin əldə edilməsi, nə də ümumilikdə müharibənin həlli baxımından real nəticələrin əldə olunması mümkün görünmür. Bu mənada, Budapeşt Sammitinin təxirə salınmasının əsas səbəblərindən biri də məhz budur.
Macarıstan isə bu sammitin təşkili ilə xüsusi maraq göstərən əsas aktorlardan biridir. O, həm vasitəçilik missiyasını ön plana çıxararaq yeni təşəbbüslərlə çıxış etməyə çalışır, həm də Avropa məkanında Rusiya-Ukrayna müharibəsinə fərqli mövqe nümayiş etdirən dövlətlərdən biri kimi seçilir. Bu səbəbdən, Macarıstan proseslərin daha çevik şəkildə həll olunması üçün mövqeyinin reallıqla uyğunlaşdırılmasına yönəlik addımlar atmağa çalışır.
Yaxın perspektivdə ABŞ və Rusiya liderləri arasında birbaşa görüşün keçirilməsi ehtimalı isə olduqca zəif görünür. Budapeşt Sammitinin gündəmə gətirilməsi isə daha çox Rusiyanın hərbi işğallarının genişləndiyi bir mərhələdə danışıqların nə qədər vacib olduğunu xatırlatmaq məqsədi daşıyır. Bu təşəbbüs, hazırkı dövrdə sülhə gedən yolun nə qədər çətin və ziddiyyətli olduğunu bir daha nümayiş etdirir".
Aişə Mustafayeva
