Rusiya aktiv ehtiyatda olan hərbiçiləri Ukraynada döyüşlərə cəlb edə bilər
Rusiya Müdafiə Nazirliyinin dəstəklədiyi qanun dəyişiklikləri və təklif olunan düzəlişlər Kremlin aktiv ehtiyat (active reserve) hesabına döyüş əməliyyatlarını genişləndirməsinə yol aça bilər.
Mövzu ilə bağlı politoloq Fuad Abbasov “İnformator.az”a bildirib ki, müharibələr sadəcə böyük sayda canlı qüvvə ilə deyil, həm də müasir texnologiyaları mənimsəmiş peşəkar mütəxəssislərlə aparılır:
“Canlı qüvvə müasir müharibələrdə əsas deyil, amma hələ də vacibdir. Rusiya müxtəlif ölkələrin vətəndaşlarını öz vətəndaşlığına qəbul etməklə və onları müharibəyə cəlb etməklə göstərir ki, əlavə insan resurslarına ehtiyac var. Bu, həmçinin Rusiyanın mövcud resurslarının məhdudluğundan irəli gəlir. Aktiv ehtiyatların döyüşə cəlb edilməsi üçün qanunlar qəbul etmək Moskvanın həm strateji, həm də taktiki vəziyyətini göstərir. Bu addımlar həmçinin Rusiyanın daxili siyasətinə və ictimai vəziyyətinə təsir göstərə bilər. Rusiya digər ölkələrdən cəlb etdiyi şəxslərlə insan resursu çatışmazlığını kompensasiya etməyə çalışır və bu proses ölkənin müdafiə strategiyasına, daxili sabitliyinə və beynəlxalq imicinə müəyyən təsir göstərə bilər”.
Fatimə Hüseynli
