Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” dəhlizinin Qərb marşrutu üzrə memorandum imzalayıb
Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Qərb marşrutu üzrə rəqabətqabiliyyətli tariflərin formalaşdırılması haqqında memorandum hazırlayıb. “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov bildirib ki, memorandum daşımaların səmərəliliyini artırmaq və beynəlxalq logistikanı inkişaf etdirmək məqsədi daşıyır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Şimal-Cənub dəhlizinin gələcəkdə çox böyük potensialı var:
"Birincisi, hazırda bu layihənin infrastruktur tərəfi həll olunmalıdır. İran ərazisində Rəşt-Astara dəmir yolu çəkilməlidir. Bu məqsədlə Rusiyanın 2 milyard dollara yaxın vəsait və investisiya qoyması planlaşdırılır. Bu dəhliz Fars körfəzini Baltik dənizi ilə birləşdirən ən qısa yol olacaq.
Bu, Azərbaycan üçün də çox maraqlıdır və gələcəkdə böyük dividendlər gətirəcək. Lakin hal-hazırda həm İranın, həm də Rusiyanın ciddi sanksiyalar altında olması Şimal-Cənub dəhlizinin perspektivlərini azaldan faktora çevrilir.
Amma gələcəkdə dünya çox sürətlə dəyişir. Həm İran, həm də Rusiya ilə bağlı sanksiyalarda yumşalmalar olacağı gözlənilir. Əgər bu baş verərsə, həmin koridorun əhəmiyyəti həddindən artıq artacaq. Fars körfəzindən Baltik dənizinə qədər uzanan və digər ölkələrin də maraq göstərə biləcəyi bir marşruta çevrilməsi deməkdir. Bu, Hindistan və Çin mallarının Baltik dənizinə, oradan da Şimali Avropa ölkələrinə ən qısa yol ilə çatdırılmasını təmin edəcək. Bütün bunlar isə Azərbaycan üçün sərfəlidir. Ümumilikdə Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi ölkəmiz üçün ciddi iqtisadi fürsətlər və perspektivlər açır".
Aişə Mustafayeva
