00:00:00
Yazar
Admin User
13.10.2025 18:48 101 2 dəq oxuma
Siyasət

Rusiya bundan imtina etsə, əvəzini ödəyəcək

Rusiya bundan imtina etsə, əvəzini ödəyəcək

Rusiya müharibədə israr edərsə və danışıqlar masasına oturmaqdan imtina edərsə, bunun əvəzini ödəməli olacaq, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi analitik Turab Rzayev bildirib ki, Makronun Fransadakı və beynəlxalq arenadakı çıxışlarının ciddi qəbul ediləcəyini düşünmürəm:

 

"Fransanı, xüsusilə də Makronu, nə Türkiyə, nə də Rusiya çox da önəmli siyasi oyunçu kimi görür. Xatırlayırsınızsa, Suriya məsələsi ilə bağlı Türkiyə rəsmiləri demişdilər ki, əgər Fransanın doğrudan da belə bir gücü varsa, qoy ABŞ-sız təkbaşına Suriyada Türkiyənin qarşısında dursun. Amma bu, mümkün olmadı. Yəni faktiki olaraq Rusiya da Fransanı ciddiyə almır. Ukrayna müharibəsində biz bunu aydın gördük. Makronun Kiyevdə səsləndirdiyi bəyanatlar, Avropa ordusu yaratmaq təşəbbüsü, Ukraynaya hərbi yardım məsələləri – bütün bunların heç biri Rusiya tərəfindən ciddi qəbul edilmədi. Rusiya nə bu fikirlərə qarşı çıxdı, nə də onları dəstəklədi – sadəcə, ümumiyyətlə, əhəmiyyət vermədi. Buna görə də Makronun son çıxışlarının Rusiyada ciddi qarşılanacağını düşünmürəm. Ola bilsin, kimlərsə ümumi cavab versin, amma bu, real siyasi təsir yaratmayacaq. Rusiya hazırda Ukraynanın enerji infrastrukturuna hücumlar edir və bu məsələdə Fransayla məsləhətləşməyəcək – bu, artıq bəllidir. Əgər gələcəkdə danışıqlar prosesi başlayarsa və Rusiya masa arxasına oturmazsa, müəyyən problemlərlə üzləşə bilər: iqtisadi çətinliklər, enerji resurslarının alınmaması, ABŞ və müttəfiqlərinin Ukraynaya daha güclü silahlar – məsələn, Tomahawk raketləri – verməsi kimi hallar baş verə bilər.Ancaq Fransa bu prosesdə nə edə bilər? Açığı, Fransanın Rusiyaya ciddi təzyiq imkanları yoxdur. Bir neçə raket və ya hərbi yardım göstərə bilər, amma onların da əksəriyyəti artıq verilib və bunlar müharibənin gedişatını dəyişməyib. Mən hesab edirəm ki, Fransanın mövqeyi ümumilikdə müharibənin taleyinə təsir göstərmir. Əgər Avropa İttifaqı vahid mövqe ortaya qoya bilsəydi, vəziyyət fərqli ola bilərdi. Lakin hazırda nə Fransa, nə də Almaniya bu məsələlərdə birgə və aydın mövqe sərgiləyə bilir. Avropa İttifaqı sanki siyasi baxımdan ABŞ və Böyük Britaniyadan sonra ikinci plana keçib. Hətta bəzi hallarda Çin belə bu məsələdə Avropadan daha fəal görünür".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər