00:00:00
Yazar
Admin User
26.12.2025 17:28 120 3 dəq oxuma
Siyasət

Rusiya-Çin tandemi: ABŞ üçün yeni geosiyasi çağırış

Rusiya-Çin tandemi: ABŞ üçün yeni geosiyasi çağırış

 

Son illər Rusiya və Çin arasında dərinləşən strateji əməkdaşlıq qlobal güc balansında ciddi dəyişikliklərə səbəb olur. Bu yaxınlaşma fonunda ABŞ-nin beynəlxalq arenadakı mövqeyi daha həssas mərhələyə daxil olub. Ekspertlər hesab edirlər ki, yaranan yeni geosiyasi reallıq Vaşinqtonun həm siyasi, həm də təhlükəsizlik strategiyalarına yenidən baxmasını zəruri edir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az"a  açıqlamasında bildirib ki, bu proseslər ABŞ-nin təkqütblü hegemonluğunu zəiflədən əsas amillərdir və dünya siyasətində güc mərkəzlərinin sayının artması artıq geri dönməz xarakter alıb:


“Rusiya və Çin arasındakı mövcud yaxınlaşma beynəlxalq siyasətdə ciddi təsirlərini göstərməkdədir. Əgər əvvəllər təkqütblü dünya nizamından, yəni Amerika Birləşmiş Ştatlarının de-fakto rəhbərlik etdiyi kollektiv Qərbin dominant olduğu sistemdən danışırdıqsa, bu gün Rusiya-Çin münasibətlərinin inkişafı və davamlı xarakter alması, eyni zamanda bu dövlətlərin ayrı-ayrılıqda siyasi və iqtisadi gücünün artması qlobal balansı dəyişməkdədir. Xüsusilə Çinin iqtisadi baxımdan ABŞ üçün ciddi rəqibə çevrilməsi mövcud nizamın transformasiyasını sürətləndirir və dünyanı çoxqütblü sistemə doğru aparır.

Bu proseslərdə yalnız Rusiya və Çin deyil, Braziliya, Hindistan, Türkiyə və İran kimi dövlətlərin də rolu artır. Braziliya Latın Amerikasında regional güc kimi çıxış edir və BRICS çərçivəsində manevr imkanlarını genişləndirir. Türkiyə isə NATO üzvü olmasına baxmayaraq, Yaxın Şərqdə, Cənubi Qafqazda, Mərkəzi Asiyada və Afrikanın bir hissəsində öz milli və tarixi maraqlarını ön plana çıxararaq daha müstəqil siyasət yürüdür. İran da qlobal və regional proseslərdə təsir dairəsini genişləndirən əsas aktorlardan biri kimi çıxış edir”.


Həmçinin ekspert qeyd edib ki, mövcud proseslər diplomatiyanın rolunun azalmasına, güc faktorunun isə dünya siyasətində əsas vasitəyə çevrilməsinə gətirib çıxarır:


“Rusiya-Çin strateji tandemi ABŞ-nin qlobal siyasi təsir imkanlarını getdikcə daha çox məhdudlaşdırır. Xüsusilə Sakit okean hövzəsində Yaponiya və Cənubi Koreya kimi ABŞ-nin ənənəvi müttəfiqləri artıq yalnız Vaşinqtonun mövqeyinə deyil, eyni zamanda Çin və Rusiyanın maraqlarına da diqqət yetirməyə məcbur qalırlar. ABŞ hələ də əsas tərəfdaş olaraq qalır, lakin region ölkələrinin daha ehtiyatlı və balanslı siyasət yürütməsi diqqət çəkir.
Yaxın Şərqdə ABŞ əvvəlki üstün mövqeyini itirməkdədir, Cənubi Qafqazda isə təsir imkanları məhduddur. Latın Amerikasında, xüsusilə Venesuela ilə bağlı siyasət də ABŞ-nin mövqelərini qorumaq cəhdinin göstəricisi kimi qiymətləndirilir. Digər tərəfdən, Donald Tramp dövründə atılan addımlar ABŞ-nin Qərb müttəfiqləri ilə münasibətlərində çatlar yaradıb. Biden administrasiyası dövründə NATO və Ukrayna ətrafında birləşən müttəfiqlər, Trampın iqtisadi maraqları önə çıxaran siyasəti fonunda daha ehtiyatlı davranmağa başlayıblar.
Bu fonda dövlətlər sürətlə silahlanır, milli təhlükəsizlik strategiyaları yenilənir və diplomatiyanın effektivliyi azalır. Danışıqlar aparılsa da, real razılaşmaların olmaması beynəlxalq münasibətlərin daha da sərtləşdiyini göstərir”.


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər