“Rusiya Çinin hərbi dəstəyinə ehtiyac duyacaq”
Rusiyanın 8 regionuna PUA hücumu edilib. Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 51 PUA vurub.
Məlumata görə, Saratovda 12, Volqoqradda 11, Rostovda 8, Krımda 6, Bryansk və Voronejdə 4, Belqorodda 3, Kursk, Qara dəniz və Azov suları üzərində isə hər birində 1 PUA zərərsizləşdirilib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın Ukrayna PUA-larının intensiv hücumları qarşısında təhlükəsizlik tədbirlərini gücləndirməsi üçün Çinin hərbi dəstəyinə yenidən ehtiyac duyacağı görünür:
“Müasir silahların bir növ Ukrayna müharibəsində sınaqdan keçirilməsi silah biznesində maraqlı dövlətlərin diqqətindədir. Habelə Rusiyaya qarşı PUA hücumlarının artması geri çəkilməyə, sülhə məcbur etmək siyasəti daşıyır. Təbii ki, Rusiya öz müdafiə strategiyasını dəyişəcək. Lakin bu dəyişikliklər müharibənin taleyini daha da qaranlığa çəkir. Ukrayna Prezidentinin ABŞ-dən yenidən silah, raket tədarükü üçün müraciət etməsi Donald Tramp vasitəsilə dilə gətirilib. Görünür ki, Rusiyanın işğalı artırması və üstünlüyü sülhə gəlməməsinə əsas kimi qəbul edilib və balansı Ukrayna xeyrinə dəyişmək nəzərdə tutulub. Yaxın vaxtlarda Ukraynaya daha effektli silahlar veriləcəyi gözlənilir. Putinin danışıqlara, atəşkəsə, sülhə meylli olmaması müharibədə üstünlüyün əldə edilməsi ilə əlaqədardır. İlin sonuna kimi ABŞ və Avropa Ukraynanın irəliləməsi üçün kəşfiyyat məlumatları ilə yanaşı ağır silahlar verəcəyi gözlənilir”.
Nuray Əliyeva
