Rusiya Ermənistanla çoxşaxəli əməkdaşlığın inkişafında maraqlıdır
Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko Rusiya ilə Ermənistan arasında parlamentlərarası siyasi dialoqun bərpa olunmasından məmnunluq ifadə edib.
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla keçirilən ikitərəfli görüş zamanı Matviyenko bildirib ki, Rusiya Ermənistanla müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın inkişafında və genişləndirilməsində maraqlıdır.
“Biz müxtəlif istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə xüsusi önəm veririk”, – deyə o vurğulayıb.
Federasiya Şurasının sədri əlavə edib ki, Rusiya-Ermənistan münasibətləri tarixən möhkəm dostluq və qarşılıqlı etimada əsaslanır. O, həmçinin iki xalqın adət-ənənələrinin və mədəni dəyərlərinin bir-birinə yaxın olduğunu qeyd edib.
“Bu gün biz təbii müttəfiqlərik, strateji tərəfdaşıq”, – Valentina Matviyenko bildirib.
Qeyd edək ki, Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda rəsmi səfərdədir.
Mənbə: Caliber
Aytən Ağazadə