Rusiya hava məkanında 95 PUA vurub
Rusiya hava hücumundan müdafiə sistemləri son 24 saat ərzində Ukraynaya məxsus 95 təyyarə tipli pilotsuz uçuş aparatını vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Mövzu ilə bağlı hərbi jurnalist, ehtiyatda olan polkovnik İbrahim Rüstəmli “İnformator.az”a açıqlamasında bildirib ki, bu məlumatların dəqiqliyi və dürüstlüyü tam şəkildə reallığı əks etdirmir:
“Rusiya bu kimi informasiyaları iki məqsədlə yaya bilər. Təbii ki, müharibə aparan ölkələrdə təbliğatın rolu böyükdür. Bu baxımdan Rusiyanın yaydığı məlumatları əsasən daxili auditoriya üçün hesablanmış kimi dəyərləndirirəm. Çünki artıq Rusiyada insan resursları ilə bağlı ciddi problemlər mövcuddur.
Vəziyyət o həddə çatıb ki, Rusiya Afrikadan və digər “müttəfiq” hesab etdiyi ölkələrdən muzdlular cəlb edir. Bu insanlar üçün Ukraynada döyüşmək sadəcə bir işdir — Rusiya onlara pul ödəyir. Bu səbəbdən Rusiyanın təşəbbüsü əlində saxladığı barədə deyilənlərə şübhə ilə yanaşıram. Çünki insan resursları tükənib. Bu, həm də rus cəmiyyətinin müharibəyə münasibətini göstərir. Ruslar Ukrayna ilə döyüşmək istəmirlər. Axı bu iki xalq mədəni, mənəvi və dil baxımından bir-birinə çox yaxındır. Bu müharibə həmin tarixi və mənəvi bağlılığa ciddi zərbə vurub. Sadəcə insanlar bunu etiraf etmək iqtidarında deyillər, çünki Rusiyada bu məsələyə ciddi nəzarət mövcuddur”.
İ.Rüstəmli qeyd edib ki, Ukrayna Qərb və Avropa ölkələrindən aldığı dəstəyi əsasən bir məqsədə — müharibəni Rusiyanın dərinliklərinə daşımağa yönəldir:
“Bununla Rusiya cəmiyyətində hökumətə qarşı narazılıq yaratmaq hədəflənir. PUA-lar əsasən Rusiyanın strateji obyektlərinə yönəldilir — hərbi hissələr, enerji infrastruktur obyektləri, neft bazaları, istehsal zavodları və kəşfiyyat xarakterli bölmələr hədəf alınır. Bu obyektlərin sıradan çıxması Rusiya iqtisadiyyatı üçün ciddi itkilər yaradır.
Müharibənin dayaqları maliyyə və insan resurslarıdır. Rusiyada insan resursu artıq tükənib, iqtisadi resurslar isə tədricən azalır. Çünki bütün dünya Rusiyaya qarşıdır: nə neftini, nə qazını alan var, nə də təbii sərvətlərini. Embargolar artır, müharibə isə hər gün milyonlarla dollar xərc tələb edir. Üstəlik, müharibənin dalğası artıq Rusiyanın içərilərinə yayılır. Bu, ölkə üçün çox təhlükəli vəziyyətdir və proses genişlənməyə doğru gedir.
Əslində, nə Rusiya, nə də Ukraynanın geriyə yolu qalıb. Ukraynanın geri çəkilməsi iqtidarın devrilməsi, ölkənin Rusiyanın tabeliyinə düşməsi deməkdir. Rusiyanın geri çəkilməsi isə hakimiyyətin ciddi sarsıntı yaşaması və ölkədə kardinal dəyişikliklərin baş verməsi ilə nəticələnəcək.
Bütün bunlara görə, Rusiyanın yaydığı məlumatların doğruluğu şübhə doğurur. Bu, daxili auditoriyaya hesablanmış təbliğatdır. Amma qeyd etmək lazımdır ki, Ukraynanın PUA hücumları Rusiyaya həm insan, həm də iqtisadi baxımdan ağır zərbələr endirir. Rusiyada ordunun komplektləşdirilməsi üçün insan çatışmazlığı yaşanır.
Rusiya Federal Təhlükəsizlik Xidməti vaxtilə hökuməti saxta kəşfiyyat məlumatları ilə aldatmışdı. Əks halda, müharibəni “üç günlük əməliyyat” kimi planlaşdırmazdılar. Amma artıq illər keçib və nəticə yoxdur. Deməli, kəşfiyyat məlumatları yanlış idi. Müharibə elmdir — hesablamalar dəqiq olmadıqda nəticə fəlakətə çevrilir. Rusiya elə düşünürdü ki, üç günə Ukraynanı işğal edib öz adamlarını hakimiyyətə gətirəcək. Amma vəziyyət tam fərqli inkişaf edib”.
Hərbi jurnalist diplomatik nəticələrlə bağlı qeyd edib ki, Qərb dövlətləri, xüsusilə ABŞ Prezidenti Donald Tramp artıq həyəcan siqnalı veriblər:
“Bu siqnalın arxasında ciddi səbəblər dayanır. ABŞ və digər Qərb ölkələri Avropaya müraciət edərək Ukraynaya daha çox yardım göstərməyi tələb edir. Çünki əgər Ukrayna məğlub olsa, növbə Avropa ölkələrinə çatacaq. Tarixdə bunun nümunəsini görmüşük — İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqı Almaniyanı məğlub edərək Avropanın böyük hissəsini nəzarətinə götürmüşdü. Əgər indi Ukrayna uduzarsa, Avropa üçün təhlükə böyüyəcək. Artıq Rusiya PUA-ları Avropa ölkələrinin hava məkanında görünür. Bu da müharibənin coğrafiyasının genişləndiyini göstərir. Rusiya indi Avropaya mesaj verir:“Ukraynaya yardım göstərirsinizsə, bizim düşmənimizsiniz”.
Məsələn, Azərbaycan yalnız humanitar yardım göstərdiyi halda, bəzi rus rəsmiləri bunu düşmənçilik kimi qiymətləndirirlər. Halbuki, biz Ukraynaya nə silah, nə sursat, nə də PUA göndəririk. Biz sadəcə dinc insanlara — uşaqlara və qadınlara yardım edirik”.
İ. Rüstəmli açıqlamasında vurğulayıb ki, Rusiyanın əsas məqsədi keçmiş Sovet İttifaqının sərhədlərini bərpa etməkdir:
“Bu, olduqca təhlükəli plandır. Əgər buna nail olarsa, növbə Avropaya gələcək. Tarix təkrarlanır, lakin indiki şəraitdə bu, asan deyil. Çünki Rusiya-Ukrayna müharibəsi təkcə iki ölkə arasında deyil — bu, Rusiyanın bütün dünyaya qarşı apardığı müharibədir
Buna görə də qonşu ölkələr və beynəlxalq tərəfdaşlar Ukraynaya daha yaxından dəstək verməli və müharibənin Rusiya-Ukrayna çərçivəsindən çıxmasına imkan verməməlidirlər. Bunun üçün Ukrayna qalib gəlməli, Rusiya isə danışıqlar masasına oturmağa məcbur edilməlidir. Əks halda, eskalasiya qaçılmaz olacaq və təhlükə Avropanı da bürüyəcək”.
Ləman Mahmudlu
