Rusiya ilə Dialoq: ABŞ Niyə Danışır, Avropa Nəyi Gözləyir?
Son dövrlərdə ABŞ ilə Rusiya arasında birbaşa təmasların davam etməsi beynəlxalq siyasi gündəmdə yeni müzakirələrə səbəb olub. Vaşinqtonun Moskva ilə müəyyən kanallar vasitəsilə dialoqu saxlaması göstərir ki, qlobal təhlükəsizlik məsələlərində tam təcrid siyasəti effektiv nəticə vermir. Bu vəziyyət Avropa üçün də ciddi suallar yaradır.
Bu mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a bildirib ki, ABŞ ilə Rusiya arasında birbaşa təmasların artması beynəlxalq siyasi gündəmdə haqlı olaraq müzakirələrə yol açır:
“Xüsusilə Ukrayna müharibəsi fonunda Vaşinqtonun Moskva ilə müəyyən kanallar vasitəsilə dialoqu saxlaması Avropa üçün də həm siyasi, həm də strateji baxımdan ciddi suallar doğurur. Əslində ABŞ-nin Rusiya ilə birbaşa dialoqu davam etdirməsinin əsas məqsədi qlobal təhlükəsizlik risklərini idarə etməkdir. Rusiya nüvə silahına malik güc və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq beynəlxalq sistemdə konkret rola sahibdir. Silahlara nəzarət, nüvə risklərinin azaldılması, regional münaqişələrdə eskalasiyanın qarşısının alınması kimi məsələlər Vaşinqtonu Moskva ilə əlaqə saxlamağa məcbur edir. ABŞ Rusiyanı tam məğlub ediləcək aktor deyil, idarə olunmalı olan strateji rəqib kimi görür. Xüsusilə Çin amili fonunda ABŞ üçün Rusiya ilə münasibətləri müəyyən çərçivədə saxlamaq geosiyasi zərurət daşıyır. Bu prosesdə Avropanın kənarda qalması isə bir neçə səbəblə izah olunur. Əvvəla, Avropa İttifaqı vahid və çevik xarici siyasət mexanizminə malik deyil. Üzv ölkələr arasında Rusiya məsələsinə yanaşmada ciddi fikir ayrılıqları mövcuddur. Şərqi Avropa ölkələri daha sərt xətti dəstəklədiyi halda, Qərbi Avropa dövlətləri loyal mövqeyə üstünlük verir. Nəticədə Avropa ABŞ-Rusiya xəttində aparılan strateji dialoqlarda daha çox müşahidəçi rolunda qalmaq məcburiyyətində qalır. Rusiya ilə dialoqun bərpası formal olaraq Avropanın mövcud siyasi mövqeyinə ziddir. Brüssel rəsmi ritorikada Rusiyanı beynəlxalq hüququ pozan və sanksiyalar altında olan dövlət kimi təqdim edir. Lakin reallıqda enerji təhlükəsizliyi, regional sabitlik və müharibənin mümkün nəticələri Avropanın özünü də dolayı və qeyri-rəsmi dialoqa sövq edir. Bu isə öz növbəsində Avropanın dəyərlərə əsaslanan siyasəti ilə real maraqları arasında ziddiyyəti açıq şəkildə ortaya qoyur. ABŞ və Avropanın Rusiya siyasətindəki fərqlər əsasən coğrafi mövqe və risk səviyyəsindən qaynaqlanır. ABŞ üçün Rusiya qlobal güc balansının bir elementidir, Avropa üçün isə birbaşa təhlükəsizlik məsələsidir. Bu səbəbdən Vaşinqton daha çevik davrandığı bir vaxtda Avropanın daha sərt və emosional mövqe sərgiləməsi də başa düşüləndir. Çünki ABŞ-dən fəqli olaraq müharibə məhz Avropanın sərhədlərində davam edir.Ümumilikdə isə ABŞ-nin Rusiya ilə dialoqda Avropanı oyundan kənarda saxlaması bir sıra səbəblərlə bağlı olsa da, əsas səbəb Avropanın hələ də tam müstəqil geosiyasi aktor kimi öz sözünü deyə bilməməsindən qaynaqlanır”.
Cavahir Əsgərbəyli
