"Rusiya ilə Qərb arasında eskalasiya nüvə müharibəsi riskini artırır" - ŞƏRH
Moskvanın sərt xəbərdarlıqları Avropada hərbi hazırlıqların və müdafiə xərclərinin artmasına səbəb ola bilər
Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Rusiyanın Qərb ölkələrinə qarşı hədələri və sərt xəbərdarlıqları birbaşa Avropa-Rusiya müharibəsi, nüvə fəlakəti ilə nəticələnə və qlobal miqyaslı risklərə səbəb ola bilər:
“Rusiyadan Qərbin hərəkətlərinə cavab olaraq hədəflərin müstəqil şəkildə seçilməsi və müharibə riski xəbərdarlıqları tərəflər arasında birbaşa hərbi qarşıdurma ehtimalını gücləndirir. Rusiya müharibədə məğlubiyyəti intihar kimi qəbul edir və ona görə də son vasitəsilərdən istifadə etməkdən çəkinməyə bilər”.
Tural İrfan qeyd edib ki, Moskva ilə NATO ölkələri arasındakı eskalasiya dərinləşərsə, vəziyyət idarəolunmaz həddə çata və nüvə silahının istifadə olunduğu dağıdıcı müharibəyə çevrilə bilər.
Təhdidlər Avropa ölkələrinin müdafiə xərclərini artırmasına, sərhədlərdə hərbi hazırlıqların miqyasının böyüməsinə və Alyansın daha da sıx birləşməsinə yol aça bilər. Rusiyaya qarşı yeni və daha sərt maliyyə, ticarət və logistika məhdudiyyətlərinin tətbiqi qaçılmaz olacaq. Rusiya üçün son anda vəziyyət gərginləşərsə Avropa ölkələrinə qarşı nüvə silahı işə salına bilər. Odur ki, bu riskləri ABŞ və Avropa da nəzərə alır və Rusiyanı əsasən yorucu, üzücü və tədrici müharibə ilə daxildən sarsıtmağa çalışır. Bu mərhələnin də Rusiya üçün faciəvi sonluq olduğunu Moskva dərk edir və səbrsizləşir. Nəticədə də bu cür təhdidlər ortaya çıxır.
Nurgün Qənizadə