Rusiya ilə toqquşma riskinə getmək istəmirik
Finlandiya Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır deyil, lakin təhlükəsizlik tədbirlərinin təşkilində iştirak etməyə hazırlaşır, bunu Finlandiya Baş naziri Petteri Orpo deyib. “Finlandiya Ukraynaya öz əsgərlərini göndərə bilərmi” sualına cavabında o bildirib ki, Helsinki Rusiya ilə toqquşma riskinə getmək istəmir.
Mövzu ilə bağlı 'İnformator.az"a açıqlamasında sabiq millət vəkili Yusif Bağırzadə bildirib ki, bu bəyanatı Finlandiyanın baş naziri Petteri Orpo Şvediyaya rəsmi səfəri ərəfəsində, Şvediyanın baş naziri Ulf Kristersson və İsveçrənin baş naziri ilə birgə mətbuat konfransında səsləndirib:
"O bildirib ki, bu gün Finlandiya Ukrayna–Rusiya müharibəsi ilə bağlı Ukraynaya təhlükəsizlik zəmanəti verməyə qadir deyil. Lakin Finlandiya Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi prosesində təşkilatçı kimi iştirak edə bilər. Orpo həmçinin ABŞ-nin irəli sürdüyü 28 maddəlik təklif paketində Finlandiyanın adının niyə çəkildiyi sualını verib. Axios agentliyinin müxbiri Barak Ravid həmin təklifləri dərc edib və sənəddə Finlandiyanın guya Ukraynaya təhlükəsizlik zəmanəti verə biləcəyi göstərilir. Orpo isə vurğulayıb ki, belə bir zəmanəti yalnız böyük dövlətlər Avropa İttifaqı, ABŞ və yaxud Aİ-nin aparıcı üzvləri olan Fransa, Almaniya və digərləri verə bilər. Çünki həmin dövlətlər bu cür zəmanət verməyə hazırdırlar. Digər tərəfdən, Finlandiya prezidenti Aleksandr Stubb da bildirib ki, ABŞ, Rusiya və Ukrayna arasında gedən danışıqlarda təklif paketinə gələcəkdə Avropanın xoşuna gəlməyəcək maddələr daxil ola bilər. Onun sözlərinə görə, Finlandiyanın təhlükəsizlik zəmanəti verməsi Avropanın ümumi təhlükəsizliyinə zidd deyil. Finlandiya bunu tarixən yaşayıb – XX əsrin ortalarında ölkə ərazisinin təxminən 10 faizini Rusiya ilə müharibədə itirib. Bu gün isə Finlandiya Avropa ölkələri arasında ən çox Patriot hava hücumundan müdafiə sistemlərinə malik dövlətlərdən biridir və bu baxımdan önəm daşıyır. Lakin bütün bunlara baxmayaraq, Finlandiya Rusiyadan çəkinmir, çünki Avropa İttifaqı və NATO-nun mövqeyi onun üçün təhlükəsizlik təminatıdır. Finlandiya kiçik dövlətdir, silah sənayesi və Patriot sistemləri olsa da, Aİ-nin aparıcı ölkələrindən sayılmır və ittifaqa ən son qoşulan dövlətlərdən biridir".
Qəmər Kazımzadə
