Rusiya İran xalqına dəstək göstərmək üçün səylər göstərir
Rusiya İran xalqına dəstək vermək üçün müxtəlif addımlar atır. Bunu Rusiya Prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə bildirib.
Putin İsrailin İrana qarşı zərbələrini “təxribat olmadan həyata keçirilmiş və heç bir əsasla izah edilə bilməyən bir təcavüz” adlandırıb. O qeyd edib ki, bu məsələdə Rusiyanın mövqeyi aydındır və Xarici İşlər Nazirliyi tərəfindən açıq şəkildə ifadə olunub.
Prezident bildirib ki, Moskva və Tehran arasında uzunmüddətli, səmimi və etibarlı münasibətlər mövcuddur. Onun sözlərinə görə, görüşün məqsədi hazırkı vəziyyətdən çıxış yollarını birgə düşünməkdir.
Putin, həmçinin, İran Prezidenti Məsud Pəzəşkiyana və Ali Lider Əli Xameneiyə ən xoş arzularını çatdırmağı xahiş edib.
Öz növbəsində, İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Yaxın Şərqdə gərginlik ABŞ və İsrailin İranın nüvə obyektlərinə qarşı təcavüzü nəticəsində hər keçən gün artır.
Araqçi qeyd edib ki, İran və Rusiya arasındakı münasibətlər son illərdə daha da yaxınlaşıb və artıq strateji xarakter daşıyır. O vurğulayıb ki, İran dünya təhlükəsizliyinə dair bütün sahələrdə Rusiya ilə mütəmadi şəkildə məsləhətləşmələr aparır.
Anadolu Agency
Ayan Əsgərova