"Rusiya İrana hərbi texnika göndərib" - politoloqdan şərh
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması fonunda regionda gərginlik yenidən artıb. Rusiya və Çin Tehranı açıq şəkildə dəstəkləmək niyyətində deyillər və əvvəlki münaqişələrdə olduğu kimi passiv mövqe sərgiləyirlər. İran rəhbərliyinin dolayı mesajları da göstərir ki, Tehran gözlədiyi beynəlxalq dəstəyi ala bilmir. Bu vəziyyət isə regiondakı güc balansı və gələcək proseslərlə bağlı suallar yaradır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, Yaxın Şərqdəki proseslərdə vəziyyətin daha da gərginləşməsi Rusiya və Çin üçün də əlverişli deyil:
“Əsasən iqtisadi, ticarət əlaqələrə zərbə vura bilər. Rusiya özü hazırda müharibə edir və İrana dəstək verərsə vəziyyəti daha da gərginləşdirmiş olar. ABŞ və Avropa ilə ehtimal olunan müəyyən anlaşmalara ümid sarsılmış olar. Hər halda burada digər geosiyasi və iqtisadi maraqlar da mövcuddur. Ən əsası isə İsraillə İranın müharibəsi bir qədər inanca bağlı məsələdir. Çin İrana açıq dəstək verərsə özünü açıq hədəfə gətirmiş olar. Onsuz da alt qatda özünün növbəti hədəf olduğunu dərk edir. Çünki bütün bu proseslər təkqütblü dünya qurmaq üzərində cərəyan edir. Venesuelaya qarşı məlum olaylar, Rusiyanın Ukrayna ilə müharibədə məhrumiyyətləri, həmçinin eyni cəbhənin digər üzvü İrana qarşı hazırki vəziyyətin yaradılması ABŞ və onun ətrafında yeni qütbün formalaşması naminədir. Proseslər Yaxın Şərqdə yeni müharibə riskini təbii ki, artırır. Şübhəsiz ki, prosesləri nisbətən nizama salmaq üçün burada yeganə yol beynəlxalq təşkilatların ciddi səylər göstərməsi lazımdır. Əsasən BMT-nin rolunun artırılmasına ehtiyac var. Beynəlxalq hüququ bu qədər lazımsız etmək qarşıda qlobal problemlərin yaranmasına gətirib çıxaracaq. Çin və Rusiya gözləmə mövqeyini seçib. Ola bilər ki, indi müdaxilə etməsinlər. İranda hakimiyyətin vəziyyətinə uyğun olaraq addımlar atsınlar. Ciddi iqtisadi böhran yaranarsa Çinin rolu arta bilər. Təbii ki, əgər Çin və Rusiya, böyük ehtimalla da Şimali Koreya müharibəyə qoşularsa dünya müharibəsinin başlaması qaçılmaz ola bilər. Amma vəziyyətin bu həddə çatacağı az ehtimal olunur. Bu müharibənin ümumiyyətlə uzun müddət davam edəcəyi mümkünsüz görünür. Bunu şərtləndirən bir çox amillər var. Ən əsası isə ABŞ-ın uzaq məsafədən hava hücumları illərlə davam edə bilməz, bu əvəzsiz iqtisadi tənəzzülə gətirib çıxara bilər ki, digər müttəfiqləri üçün də böhran yaradar. Hər halda çox da güc olmadan nəticələr aydın olacaq”.
Gövhər Mehyəddinova
