Rusiya-Litva gərginliyi artıb
Litva Müdafiə Nazirliyi Rusiya Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarənin ölkənin hava məkanını pozduğunu açıqlayıb. Hadisə oktyabrın 23-də baş verib və Vilnüs dərhal Rusiyanın səfirliyinə rəsmi etiraz notası təqdim edib.
Mövzu ilə bağlı politoloq Elman Vəliyev “İnformator.az”a bildirib ki, bu addım Moskvanın Baltik regionuna yönəlik güc nümayişinin növbəti mərhələsidir:
“Rusiya NATO-ya, xüsusilə də ətrafındakı üzv ölkələrə mesaj verir ki, o, hələ də mövcuddur və gücünü qoruyur. Bu, həm siyasi, həm də psixoloji təzyiq formasıdır. Hadisə təsadüfi deyil və Moskvanın strateji maraqları çərçivəsində baş verir. Rusiya son illərdə öz təsir dairəsini genişləndirmək xəttini davam etdirir. Ukraynadan sonra yeni hədəflər müəyyənləşdirib və bu istiqamətdə addımlar atmağa çalışır. Litva hadisəsi də bu planın tərkib hissəsi kimi görünür. Bu cür addımlar regionda eskalasiyanın artmasına səbəb olur, lakin genişmiqyaslı hərbi qarşıdurma ehtimalı hələlik real görünmür. Burada məqsəd birbaşa müharibə deyil, ‘çəkindirmə siyasəti’ adlandırılan bir taktikanın tətbiqidir. Rusiya Qərbə və NATO-ya güc göstərisi ilə mesaj verir ki, onunla hesablaşmaq lazımdır. Rusiya təyyarələrinin Litva hava məkanını pozması Baltik regionunda onsuz da gərgin olan təhlükəsizlik balansını daha da pozur. NATO-nun cavab addımları və bölgədəki hərbi mövcudluğun artırılması ehtimalı yaxın günlərdə gündəmdə olacaq”.
Fatimə Hüseynli
