Rusiya müharibəni yalnız bu halda dayandıracaq
Ukraynanın Baş Naziri Denis Şmıqal Ukraynanın sosial və humanitar xərclərini ödəmək üçün beynəlxalq yardıma ehtiyacı olduğu ilə bağlı açıqlama edib. Həmçinin,baş nazir əlavə edib ki, Rusiya müharibəyə hər an son qoya bilər.
Məsələ ilə bağlı, politoloq Elşad Həsənov İnformator.az-a açıqlamasında deyir ki, müharibə başladığından bəri Ukraynaya xaricdən, xüsusilə, Qərbdən və Amerikadan böyük yardımlar edilir.
“Həmin yardımlar sayəsində Ukrayna bu gün ayaqda qalaraq, Rusiyaya qarşı döyüşlərdə müvəffəqiyyət qazanır, öz torpaqlarını azad etməyə çalışır. Ukraynanın baş naziri bildirib ki, Ukraynanın sosial və humanitar yardıma ehtiyacı var. Ukraynanın iqtisadiyyatı məhv olub, orada müharibə gedir, çətin bir vəziyyət yaranıb. Ölkənin 8 milyon əhalisi hazırda xaricdədir, qalanlardan isə əli silahtutanlar torpaqlarını işğaldan azad etməyə çalışırlar".
Politoloq Rusiyanın müharibəyə hər an son qoya biləcəyi ilə bağlı fikirlə razılaşmadığını qeyd edib.
"Rusiya iqtisadi cəhətdən getdikcə zəifləyir, əhali arasında böyük narazılıqlar yaranır, müharibənin törətdiyi dağıntılar Rusiyanın ərazisində özünü göstərir. Belə bir vəziyyət Rusiyanın siyasi rəhbərini müharibəni dayandırmağa sövq edir. Ancaq Rusiya bu gün müharibəni bir şərtlə dayandıra bilər ki, işğal edilən ərazilər Rusiyanın tərkibində qalsın”.
Elşad Həsənovun sözlərinə görə, Ukrayna istəyir ki, torpaqları Rusiyanın işğalından azad olunsun, müharibənin bitməsi barəsində danışıqlar aparılsın.
“Təbii ki, neçə il çəkməsindən asılı olmayaraq hər müharibə sülhlə nəticələnir. Buna görə də müharibə bitdikdən sonra Ukraynanın dirçəlməsinə Avropa ölkələri, Amerika böyük dəstək göstərəcək və bu haqda müəyyən planlar, proyektlər qurulur”.
Politoloq deyir ki, Avropada, Amerikada Rusiyanın dondurulan vəsaitlərinin Ukraynanın abadlaşdırılmasına,dirçəldilməsinə sərf ediləcəyi ilə bağlı iddialar da var.
“Bunların nə dərəcədə alınacağı, hansı hüquqi proseslərdən keçirələcəyi hələki dəqiq deyil. Ancaq Ukraynanın yenidən dirçəldilməsi, onun dağılan şəhərlərinin bərpa edilməsi üçün həm Avropadan, həm də Amerikadan böyük dəstək olacaq".
Elşad Həsənov Azərbaycanın mövqeyinin hər zaman aydın və dəqiq olduğunu əlavə edib.
"Biz hər ölkənin, o cümlədən, Ukraynanın ərazi bütövlüyünün bərpa olmasını istəyirik. Bunun üçün də əlimizdən gələni edirik, silah yardımı etməsək də iqtisadi, sosial yardımlarımızı əsirgəmirik. Onların uşaqları Azərbaycanda reabilitasiya keçirlər. Yəni, biz Ukraynaya öz dəstəyimizi göstəririk, müharibənin tez bir zamanda bitməsini, Ukraynanın öz ərazi bütövlüyünü bərpa etməsini arzu edirik".
Nəzrin Mirzəyeva