"Rusiya NATO-ya hücum etməyəcək, çünki kifayət qədər güclü deyil"
Macarıstanın Baş naziri Viktor Orban Rusiyanın NATO ölkələrinə hərbi hücum ehtimalını istisna edib. Onun sözlərinə görə, Moskva hələ də Ukraynada qarşıya qoyduğu məqsədlərə çata bilmədiyi üçün NATO-ya qarşı genişmiqyaslı hücum həyata keçirmək gücündə deyil.
Bu barədə o, Fransanın LCI telekanalına müsahibəsində danışıb.
"Ruslar bunun üçün çox zəifdir. Onlar hətta Ukraynanı məğlub edə bilmirlər, ona görə də NATO-ya həqiqi hücum etmələri mümkün deyil", – deyə Orban bildirib.
Macarıstanın hökumət başçısı, həmçinin, Ukraynadakı müharibəyə görə qlobal münaqişənin baş verəcəyini düşünmədiyini vurğulayıb.
Orbanın sözlərinə görə, Kiyev hazırkı münaqişədə uduzur və Rusiya ilə danışıqlar yalnız ABŞ-nin iştirakı ilə mümkün ola bilər:
"Nə Avropa, nə də Ukrayna Rusiya ilə sülh razılaşması əldə edə biləcək. Ona görə ki, Ukrayna müharibəni uduzur, Avropa isə buna vaxt ayıra bilmir. Bu, Rusiya və ABŞ arasında aparılmalı olan danışıqlardır", – deyə Viktor Orban əlavə edib.
Mənbə :Caliber
Aytən Ağazadə