“Rusiya NATO-ya mesaj verdi: Cavabsız qalarsa...”
Rusiya Prezidenti Vladimir Putin NATO-nu test edir, özü də bu addımı ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) sammitindən sonra atır. Çox güman, Çin və Hindistan Rusiyaya orta əsrlərdə qala qapılarını açmaq, qırmaq üçün istifadə olunan “qoç başı” kimi baxır, Kremlə ona görə dəstək verirlər ki, Moskva məhz bu funksiyanı yerinə yetirsin. Putinin bu rolu oynamaqdan başqa seçimi yoxdur, çünki Pekin və Dehlidən çox asılıdır.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a bildirib ki, Putin Pekinə səfərindən sonra Ukraynanı bütünlüklə atəş altında saxlamağa davam etməklə bərabər, NATO ölkəsi olan Polşaya da dronlar göndərdi:
"Həmin dronlar vurulsa da, bu Rusiya tərəfindən iki məqsədlə edilib. Birincisi, bu onu göstərir ki, Rusiya yalnız Ukrayna məkanı ilə kifayətlənmək niyyətində deyil və o, daha geniş areallarda təhdid yarada bilər. Əgər Ukrayna savaşı zamanı təhdid yalnız Avropa idisə, hazırda Polşa ərazisinə də bu cür test üsullu dronlar göndərməklə bütün Avropanın təhdid altında olduğunu göstərməyə çalışır. Eyni zamanda Rusiya NATO-nu test etmək istəyir. Bu baxımdan düşünürəm ki, Putinin Çin və Hindistan rəhbərləri ilə, həmçinin Şimali Koreya rəhbəri ilə görüşləri bu məsələdə müəyyən rol oynayır. Əlbəttə ki, Çin Rusiyanın özünün kiçik ortağı olaraq Avropa ilə üz-üzə dayanmasında maraqlıdır və onun məğlub olmasını istəmir. Görünür, Rusiya müəyyən təminatlar alıb ki, bu cür aqressiv davranışlarını daha da artırsın. Müharibə başlayandan sonra Rusiyanın enerji daşıyıcılarının əsas alıcısı Çin və Hindistandır. Bu baxımdan onlar həm də Rusiyanın işğalını dəstəkləməklə məşğuldurlar. Bu asılılıqdan çıxmaq üçün Rusiyanın Ukraynada savaşı dayandırması, işğaldan əl çəkməsi və Qərblə münasibətləri normallaşdırması lazımdır. Amma bu, yaxın perspektivdə mümkün görünmür. Rusiyanın Polşada həyata keçirdiyi təxribatlara NATO şübhəsiz ki, cavab verməli idi və verir. NATO Polşa ərazisində Rusiyanın PUA-larının düşürülməsində iştirak edib və Polşaya hərbi, siyasi və informasiya dəstəyi verməyi vəd edir. Putin NATO-nu test edir və NATO bu testdən çıxmasa, Avropanın təhlükəsizliyi təhdid altında qalacaq. Ona görə NATO Rusiya aqressiyasına müəyyən qədər adekvat cavablar verməlidir. Amma NATO-nun aparıcı ölkəsi olan ABŞ hələlik Rusiya ilə ciddi şəkildə üzbəüz qalmaq istəmir. Bu baxımdan NATO-nun davranışları daha çox ABŞ-nin mövqeyindən asılı olacaq".
Fatimə Heydərova