Rusiya NATO-ya nə cavab verəcək?
NATO soyuq müharibədən bəri ən böyük hərbi təlimlərini keçirməyi planlaşdırır. Təlimlər 2024-cü ilin fevral-mart aylarında Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək.
Böyük Britaniya mətbuatında yer alan məlumatlara görə, təlimlər 2024-cü ilin fevral - mart aylarında tutacaq. Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçirilməsi planlaşdırılan prosesdə, ən azı 41 min hərbçi və 50-dən çox gəmi iştirak edəcək. Həmçinin “Sabit Müdafiəçi” adlanan manevrlərdə 500-700 döyüş atışı da həyata keçiriləcək. Təlimin məqsədi alyansa üzv olan hər hansısa ölkələrdən birinə qarşı yönələn Rusiya hücumunu dəf etməyin yollarını tapmaqdır. Ekspertlərin fikrincə, bu kimi təlimlərlə alyans həmçinin Rusiyaya bir növ hədə qorxu gəlir.
Digər tərəfdən NATO son dövrlər böyük miqyaslı hərbi təlimlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Son olaraq alyans bu ilin iyununda Almaniya və Şərqi Avropada ən böyük aviasiya təlimini reallaşdırıb. Ekspertlər bildirirlər ki, NATO bu cür təlimləri artırmaqla yenidən soyuq müharibə dövründəki gücünü bərpa etməyə çalışır. Siyasi şərhçi Orxan Nəbiyevin sözlərinə görə, NATO qurulandan, 1945-ci ildən bu yana, əsas məqsədi SSRİ-yə qarşı bir növ mübarizə aparmaq olub. 1991-ci ildə SSRİ dağılandan sonra NATO-nun bir növ formatı, fəaliyyəti dəyişib. “NATO get-gedə zəifləyir. NATO-nun zəifləməsinin də əsas məqsədi xarici təhdidin olmaması, terorizm təhdidindən başqa heç bir böyük dövlətə qarşı və yaxud böyük bir alyansa qarşı NATO birləşməmişdi. Amma Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO dövlətlərində konsalidasiya oldu. Və bu günləri NATO-da yenidən soyuq müharibə dövründəki gücünü bərpa etmək və daha çox silahlanmaya, daha çox təlimlər keçirilməyə diqqət ayıracaq”.
Qeyd edək ki,təlimlərə qatılacaq ölkələrin ümumi sayı 32-dir. Hərbi manevrlarda NATO müraciəti hələki Türkiyə və Macarıstanın ratifikasiya etmədiyi İsveç də iştirak edəcək. Rusiyanın alyansa hansı formada cavab verəcəyi isə hələlik bəlli deyil.
CAVİD
