Rusiya səfirliyi Finlandiyada saxlanılan rusiyalı ilə əlaqə saxlayıb
Rusiyanın Helsinkidəki səfirliyi Finlandiyada sanksiyalardan yayınmaq ittihamı ilə saxlanılan üç Rusiya vətəndaşından biri ilə əlaqə saxlamağa nail olub. Bu barədə TASS diplomatik nümayəndəliyə istinadən məlumat yayıb.
“Mayın 16-da əməkdaşlarımıza saxlanılanlardan biri ilə telefonla əlaqə saxlamaq imkanı verilib. Söhbət zamanı heç bir şikayət və istək bildirilməyib”, - deyə agentlikdən bildirilib.
Diplomatlar Finlandiya hakimiyyəti ilə işləməkdə davam etdiklərini bildiriblər. Onlar qeyd ediblər ki, digər iki məhbusla yaxın vaxtlarda əlaqə saxlamağı gözləyirlər. Səfirlik Rusiya vətəndaşlarının hüquq və qanuni maraqlarının müdafiəsi üçün bütün lazımi tədbirlərin görüldüyünü vurğulayıb.
Qeyd edək ki, Mayın 3-də Finlandiya polisi üç rus tələbəni Rusiyaya qarşı sanksiyalardan yayınmaqda şübhəli bilərək saxlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılanlar Kainuu şəhərindəki peşə məktəbinin tələbələri siyahısında, Rusiya vətəndaşlığı olan iki 25 yaşlı kişi və 18 yaşlı qızdır. Onları 4 aydan 4 ilə qədər həbs cəzası gözləyir.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva
