00:00:00
Yazar
Admin User
29.12.2025 15:20 91 3 dəq oxuma
Siyasət

Rusiya əsgəri Çin və Türkiyənin ümidinə qalıb...

Rusiya əsgəri Çin və Türkiyənin ümidinə qalıb...

Rusiyada artan vergilər və cərimələr səbəbilə yerli geyim–ayaqqabı istehsalçıları kütləvi şəkildə bizneslərini bağlayır. Bu barədə “RBK-Ukrayna” Ukrayna Xarici Kəşfiyyat Xidmətinə istinadən məlumat yayıb. 2022-dən sonra idxalın əvəzlənməsi baş tutmayıb, 2024–2025-ci illərdə tələbin azalması və xərclərin artması böhranı dərinləşdirib. “Incity”, “Deseo”, “Just Clothes” bağlanıb, “Qloriya Cins” mağazalarını və istehsalını ixtisar edir. Bazar əsasən Çin və Türkiyə malları ilə dolur, Rusiyada isə güclü tekstil bazası yoxdur; hətta hərbi geyimlər belə Çindən alınır.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Fuad İbrahimov “İnformator.az”a açıqlama edib:

 

“Hazırkı vəziyyətdə Rusiyada təkcə yüngül sənaye deyil, demək olar ki, bütün sektorlar tənəzzül dövrünü yaşayır. Bunun səbəbi isə aydındır – tətbiq olunan sanksiyalar. Lakin bəzi sektorlar var ki, daxili tələbatı idxaldan asılılıqdan azad etməyə cəhd göstərirlər və məhz bu sahələrdə müəyyən perspektivlər mövcuddur. Zamanında Rusiyanın bəzi sektorlarında bu imkanlar kifayət qədər olub. Ancaq Sovet İttifaqı dağıldıqdan sonra yerli istehsal siyasəti demək olar ki, tamamilə məhv edilib və bu gün onun bərpası perspektivdə mümkün görünsə də, indiki şəraitdə real deyil.

 

Çünki yerli istehsal dedikdə məsələ təkcə məhsulu gətirib istehsal etməkdən ibarət deyil. Burada xammal amili var. Eyni zamanda istehsal prosesini təmin edən dəzgahlar və mexanizmlər mövcuddur ki, onlar uzun illərdir xarici amildən asılıdır. Bu dəzgahlar əsasən xarici ölkələrdə istehsal olunur və onların yerli istehsalının qurulması üçün kifayət qədər zaman tələb olunur. Mövcud sanksiyalar isə buna imkan vermir. Belə bir vəziyyətdə yerli istehsalın dayanıqlı şəkildə inkişaf etməsi mümkün deyil. Bu, aydın məsələdir ki, tənəzzül davam edəcək. Təbii ki, yaranan boşluqlardan ən məharətlə istifadə edən ölkələr Türkiyə və Çindir. Onlar bu sektorda kifayət qədər təcrübəli yanaşma sərgiləyir və mövcud boşluqları doldura bilirlər.

 

Məhsulların Rusiyaya idxalı və orada satışı mümkündür. Lakin əsas problem ondadır ki, satışdan əldə olunan vəsaitin milli valyutada – Rusiya rublu ilə geri qaytarılması çətindir. Satış təmin olunsa da, valyutanın geri alınması ciddi maneələrlə üzləşir. Bu səbəbdən son dövrlər müşahidə olunur ki, məsələn, Türkiyədə fəaliyyət göstərən Çin sahibkarları tekstil məhsullarını Rusiya bazarına çıxardıqdan sonra, əvəzində Rusiya bazarından meşə materialları, metallurgiya məhsulları, dəmir-metal konstruksiyalar və müxtəlif xammallar alaraq geri qaytarırlar. Bu prosesi şərti olaraq dolayı barter əməliyyatı adlandırmaq olar. Birbaşa barter deyil, lakin dolayısı ilə belə bir mexanizm formalaşıb və bu da davam edir”. 

 

Ekspert qeyd edib ki, hazırda bazarda, əsasən, birinci dərəcəli zəruri məhsullar mövcuddur:

 

 “Söhbət geniş tekstil dünyasından, moda və ya hansısa brend tətbiqindən getmir. Sadəcə gündəlik tələbat üçün vacib olan məhsullar bazara çıxarılır və bu da təmin edilə bilir. Ümumilikdə vəziyyət bundan ibarətdir. Hər hansı bir dirçəliş istiqamətində ciddi bir siqnal görünmür. Çünki hazırda tam, yüz faiz yerli istehsalı bərpa etmək mümkün deyil. Parça gətirilib istehsal həyata keçirilə bilər, lakin istifadə olunan avadanlıqlar yenə də xarici ölkələrdə istehsal olunur. Bu avadanlıqların amortizasiya xərcləri, ehtiyat hissələri var ki, onların tədarükü mümkün deyil.

 

Nəticədə, qapanmış dairə sindromunu xatırladan bir vəziyyət yaranıb. Mövcud durum məhz bundan ibarətdir”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər