Rusiya əsl hərbi güc olsaydı, müharibəni bir həftəyə qazanardı
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynanın Avropa Birliyi və NATO-nun dəstəyi ilə öz ilkin sərhədləri daxilində bütün ərazilərini geri almaq imkanı var.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ prezidenti Donald Tramp hazırda iki istiqamətdə siyasət yürüdür:
"Bir tərəfdən Rusiya ilə anlaşma yolları axtarır, digər tərəfdən isə bu ehtimalı gücləndirmək üçün Moskvaya qarşı təzyiqləri artırmağa çalışır. Buna görə də demək olar ki, Trampın son açıqlamaları Rusiyaya qarşı siyasi və psixoloji təzyiq xarakteri daşıyır. Əvvəllər Tramp qeyd edirdi ki, Ukrayna Rusiya qarşısında davam gətirə bilməz və itirdiyi əraziləri geri qaytarmaq imkanında deyil. Lakin indi tamamilə əks mövqedən çıxış edir: Qərb dövlətlərinin köməyi ilə Ukraynanın öz torpaqlarını geri qaytara biləcəyini bəyan edir. Həm də vurğulayır ki, Rusiyanın hərbi gücü əvvəl təsəvvür olunandan qat-qat zəifdir. Bu, Kremlin ünvanına açıq mesajdır: əgər Moskvaya qarşı ciddi təzyiqlər və sanksiyalar tətbiq olunarsa, Rusiya çökə bilər.Tramp həmçinin bildirir ki, Rusiyanın iqtisadiyyatı artıq çökmə mərhələsindədir. Bu açıqlamalar Kremlin qarşısında seçim qoymaq məqsədi daşıyır: ya iqtisadi çöküş və dağılma təhlükəsini nəzərə almalı, ya da Qərblə qarşıdurmanı kəskinləşdirərək olduqca riskli bir mərhələyə qədəm qoymalıdır. Hər iki variant isə Rusiya üçün arzuolunan deyil.Qərbin, xüsusilə də ABŞ-nin əsas hədəfi ondan ibarətdir ki, Rusiya istənilən halda sülh danışıqları masasına oturmağa məcbur qalsın. Bunun yeganə yolu isə həm siyasi təzyiqlərin artırılması, həm də iqtisadi sanksiyaların əhatə dairəsinin genişləndirilməsidir. Tramp bu barədə artıq iki dəfə vəd verib, lakin hələlik həmin vədlər icra olunmayıb. Böyük ehtimalla, Rusiyanın Trampın son xəbərdarlıqlarına verəcəyi reaksiya ABŞ-nin əlavə sanksiyalar tətbiq edib-etməyəcəyini müəyyənləşdirəcək".
Qəmər Kazımzadə
