Rusiya əsl hərbi güc olsaydı... - Tramp açıqlayıb
Ukrayna öz ilkin sərhədləri daxilində bütün ərazilərini geri almaq üçün hər cür şansa malikdir.
Mövzu ilə əlaqədar Politoloq Züriyə Qarayeva "İnformator.az"a müsahibəsində bildirib ki,Donald Trampın son açıqlaması Rusiya-Ukrayna müharibəsində yeni müzakirələrə yol açır:
“Ukraynanın öz ilkin sərhədləri daxilində bütün ərazilərini geri qaytarmaq üçün kifayət qədər şansı mövcuddur. Bu bəyanat ilk baxışdan iddialı səslənsə də, reallıqda hərbi balans hələ də kifayət qədər mürəkkəbdir. Müharibənin gedişatı göstərir ki, Rusiya müəyyən istiqamətlərdə üstünlüyünü qoruyur, lakin Qərbin dəstəyi Ukraynanın müqavimət gücünü artırmaqdadır. Hərbi cəhətdən baxıldıqda, Ukraynanın tam qələbəsi hələ uzun və çətin proses kimi görünür. Silah təminatı, texnoloji üstünlük və döyüş təcrübəsi həlledici faktorlardır. Bu mənada, Trampın dediyi kimi bütün ərazilərin geri qaytarılması hazırkı vəziyyətdə tam reallığa çevrilməsə də, perspektivdə tamamilə mümkünsüz də deyil. Qərbin hərbi və maliyyə dəstəyi davamlı olduqca, Ukraynanın mövqeləri güclənəcək. Digər tərəfdən, bu bəyanat siyasi və psixoloji baxımdan mühüm əhəmiyyət daşıyır. Qərb ölkələri üçün Trampın sözləri Ukraynaya yardımların davam etdirilməsi üçün əlavə motivasiya ola bilər. Çünki hərbi yardımların nəticə verəcəyinə dair ümid və inamın qorunması, həm ictimai rəy, həm də siyasi qərarvericilər üçün vacibdir. Beləliklə, Trampın açıqlaması bir tərəfdən mübahisəli görünsə də, digər tərəfdən Qərbin Ukraynanı dəstəkləməkdə davam etməsi üçün gücləndirici mesaj rolunu oynaya bilər”.
Səadət Əlizadə
