00:00:00
Yazar
Elmira Ağayeva
20.08.2026 22:47 55 3 dəq oxuma
Siyasət

Rusiya son hücumlarda kritik infrastrukturu məqsədli şəkildə hədəfə alıb

Rusiya son hücumlarda kritik infrastrukturu məqsədli şəkildə hədəfə alıb

 

Rusiyanın Ukraynaya son hücumları zamanı Kiyevdə kritik infrastruktur obyektlərinin bir neçə aydan sonra ilk dəfə məqsədli şəkildə hədəfə alındığı bildirilir.

Bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko açıqlama verib.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, gecə saatlarında Kiyevin müxtəlif ərazilərində yaşayış binaları və anbarların vurulması nəticəsində azı 17 nəfər həyatını itirib. Hücumlar zamanı uşaq xəstəxanasına və məktəbə də ziyan dəyib. 40-dan çox insanın yaralandığı bildirilib.

Kliçko qeyd edib ki, hücumlar nəticəsində Kiyevin Desnyanski rayonunda və Dnepr rayonunun bir hissəsində isti su təchizatında fasilələr yarana bilər.

Kiyevdə dağıntıya məruz qalan yaşayış binasının qarşısında BBC-yə danışan mer bildirib ki, Ukraynanın hava hücumundan müdafiə raketlərinə ehtiyacı davam edir. Onun sözlərinə görə, ölkəyə tərəfdaşları tərəfindən sursat və raket əleyhinə sistemlərin verilməsi vacibdir.

Ukrayna hava hücumundan müdafiə sistemləri baxımından Qərb ölkələrinin dəstəyindən asılıdır. Prezident Volodimir Zelenski isə bildirib ki, Ukraynanın kifayət qədər ballistik raketlərə qarşı müdafiə imkanları olmadığı müddətdə Rusiya sülh barədə ciddi düşünməyəcək.

Zelenski əlavə edib ki, “Patriot” sistemləri üçün istifadə olunan raketlərin ehtiyatı hələ tam bərpa edilməyib və bu sursatlara hər gün ehtiyac var.

Ukrayna Hərbi Hava Qüvvələrinin cümə axşamı səhər yaydığı məlumatlardan Rusiyanın gecə hücumlarında istifadə etdiyi ballistik raketlərin heç birinin ələ keçirilmədiyi qənaəti yaranıb.

Ukrayna Rusiya tərəfindən atılan ballistik raketlərə qarşı əsasən ABŞ istehsalı olan “Patriot” sistemlərinin raketlərindən istifadə edir. Bununla belə, ABŞ-nin İranla müharibə zamanı raket ehtiyatlarının əhəmiyyətli hissəsindən istifadə etdiyi bildirilir.

Rusiya Müdafiə Nazirliyi isə açıqlamasında zərbələrin hava, quru və dəniz vasitələri ilə endirildiyini, əsas hədəflərin hərbi obyektlər və anbarlar olduğunu bildirib.

Kiyevə hücumlar yerli vaxtla gecəyarısı, şəhərdə hava hücumu sirenlərinin səslənməsindən sonra başlayıb. Raket zərbələri nəticəsində minlərlə yaşayış və digər obyekt elektrik enerjisindən məhrum olub, Kiyev vilayətinin bəzi əraziləri qaranlığa qərq olub.

Hücumların yaratdığı itkilərlə əlaqədar cümə günü Kiyevdə matəm günü elan ediləcək.

Solomyanski rayonundakı məktəblərdən birinin pəncərələri partlayışların təsirindən sınıb, həyət və idman meydançaları dağıntılarla örtülüb. Yaxınlıqdakı yardımçı bina da dağılıb. BBC-nin məlumatına görə, həmin tikilidə ətrafdakı yaşayış binalarını istiliklə təmin edən camaşırxana və qazanxana yerləşib.

Ukrayna kəşfiyyatının rəhbər müavini BBC-yə bildirib ki, bu cür hücumlar Rusiyanın qışa hazırlıq planının bir hissəsi ola bilər. Onun sözlərinə görə, məqsəd qarşıdakı soyuq aylarda Ukraynada insanların həyatını daha da çətinləşdirməkdir.

Hücum nəticəsində zərər görən doqquzmərtəbəli binalardan birində Anastasiya Kovtunun da mənzili olub. İbtidai sinif müəllimi olan qadın bildirib ki, sığınacaqda olarkən partlayış səslərini eşidəndə başının “partlayacağını” düşündüyünü deyib.

“Evinizin vurulduğunu dərk etmək çox qorxuludur. Heç vaxt düşünmürsünüz ki, növbə sizə çatacaq”, -o, BBC-yə açıqlamasında bildirib.


Nuray Əliyeva

#Rusiya #Ukrayna
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər