Rusiya taxıl sazişini yeniləməsə bundan bütün dünya təsirlənəcək
Ukraynaya Qara dənizdəki limanlardan taxıl ixrac etməyə icazə verən saziş yaxın müddətdə başa çatır. Rusiya Türkiyə və BMT-nin vasitəçiliyi ilə Taxıl Dəhlizi sazişini yeniləmək üçün heç bir səbəb görmədiyini desə də, ölkədəki müharibə səbəbindən ixracın kəsilməsi bütün dünyada ərzaq qiymətlərinin rekord dərəcədə artmasına səbəb ola bilər.
Müddəti iyulun 17-də başa çatacaq taxıl sazişinin Rusiya tərəfindən uzadılmaması bütün dünyada narahatlığı artırır. 2023-cü ilin mayına olan məlumata görə, taxıl müqaviləsi vasitəsilə 30 milyon tondan çox taxıl və digər ərzaq məhsulları ixrac edilib. Bundan xüsusilə kasıb ölkələr faydalanıb. Buğdanın 64 faizi inkişaf etməkdə olan ölkələrə getdiyi halda, qarğıdalı sənayeləşmiş və inkişaf etməkdə olan dövlətlərə eyni dərəcədə ixrac edilib. Lakin son aylarda bəzi problemlər də ortaya çıxıb. Getdikcə daha çox gəmiçilik şirkəti gəmilərini bu təhlükəli marşruta göndərmək riskindən qaçır. Ərzaq ixracı ötən ilin oktyabrı ilə müqayisədə təxminən dörddə üç dəfə azalıb. Həmçinin Rusiya tərəfi tələblərinin yerinə yetirilməməsindən və Qərbin sanksiyalarının onların kənd təsərrüfatı məhsullarının ixracına mane olmasından şikayətlənir.
Qara dəniz Cənub-Şərqi Avropa və Asiya arasında geostrateji əhəmiyyətli kəsişmədir. Dənizçilik, geostrateji və iqtisadi maraqlar da daxil olmaqla bir çox maraqların toqquşduğu regiondur. Bu, həm də Ukraynanın öz taxılını dəniz yolu ilə dünyaya ixrac etmək üçün yeganə vasitədir. Lakin Qara dənizdəki marşrutlarda maraqlı olan təkcə sahilyanı dövlətlər deyil. Bu marşrut Yeni İpək Yolunun bir hissəsi kimi Çin üçün mühüm iqtisadi əhəmiyyət daşıyır. Dəhlizin daim işlək olmasının vacibliyindən danışan Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, taxıl sazişi BMT, Türkiyə və Rusiya arasındakı razılaşmadır. Rusiya ilə müqavilənin uzadılmasına dair danışıqlara kömək etmək üçün BMT baş katibi Antonio Quterreş hərəkətə keçməlidir.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, BMT-nin baş katibi Antonio Quterreşin də bu məsələ üzərində işləməsi zəruridir, çünki onların Rusiya ilə müvafiq razılaşmaları var: “Biz öz tərəfimizdən heç nəyi pozmuruq, heç nəyə mane olmuruq. Biz onlarla razılaşmamışıq. Rusiya ancaq BMT və Türkiyə ilə razılaşıb. BMT və Türkiyə Rusiya ilə danışıqlar aparıb. Bu dəhliz lazımdır və işlək olmalıdır. Rusiya həmişə belə reaksiya verir, sözünün üstündə durmur və yeni böhran yaratmaq üçün müəyyən humanitar dəhlizləri bağlayır”.
Bu arada BMT Baş katibi Antonio Quterreş Rusiya və Ukraynadan qida və gübrə ixracının qlobal bazarlara davamlı çıxışının təmin edilməsi ilə bağlı Prezident Vladimir Putinə məktub göndərib. Bu barədə onun mətbuat katibi Stefan Düjarik məlumat verib. Bildirib ki, BMT Rusiya Kənd Təsərrüfatı Bankı vasitəsilə maliyyə əməliyyatlarına təsir edən maneələri aradan qaldırmaq üçün bütün aidiyyatı tərəflərlə əlaqə saxlamağa hazırdır.
BMT-nin baş katibinin mətbuat katibi Stefan Düjarrik hesab edir ki, 2022-ci ilin iyulunda İstanbulda imzalanmış müqavilələrin tam şəkildə həyata keçirilməsi taxıl məhsullarının qlobal bazarlara problemsiz, səmərəli çıxmasını təmin etmək üçün çox vacibdir: “Bu razılaşma qlobal ərzaq qiymətlərində davamlı azalmalara səbəb oldu. Beləliklə, ərzaq qiymətləri ötən ilin mart ayında əldə edilən rekord həddən 23% aşağıdır. Bununla bağlı davam edən səylərinin bir hissəsi olaraq, baş katib dünən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub göndərərək razılaşmanın davam etməsini təklif etdi. Məqsəd Rusiyanın əsas narahatlığını ifadə edən Rusiya Kənd Təsərrüfatı Bankı vasitəsilə maliyyə əməliyyatlarına təsir edən maneələri aradan qaldırmaq və eyni zamanda Qara dəniz vasitəsilə Ukrayna taxılının davamlı axınına imkan yaratmaqdır”.
Bəs bu dəhliz bağlanarsa nə baş verər? Belə bir vəziyyətdə dünyanın əsas taxıl ixracatçılarından biri olan Ukrayna qlobal bazaları eyni miqdarda taxıl ilə təmin etməyəcək. Digər problemlərdən biri də gəmilərin yüksək sığorta xərcləridir. Buna görə də gəmiçilik şirkətləri Rusiyanın icazəsi olmadan gəmilərin döyüş bölgəsindən keçməsinə icazə verməkdən çəkinə bilər. Quru yolla da taxıl daşımaq çətindir. Ukraynadan Avropa İttifaqı ölkələri vasitəsilə yüklərin göndərilməsi oradakı fermerlərin narazılığına səbəb olub. Fermerlər Ukrayna taxılının yerli tədarükü zəiflətdiyini iddia edirdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə sazişin əhəmiyyətini belə şərh edib: “Yüz milyonlarla insana ümid verən Qara Dəniz Təşəbbüsünün uzadılması ilə bağlı danışıqlar davam edir. Müharibənin əvəzini təkcə tərəflər deyil, Avropadan Afrikaya, Asiyadan Balkanlara qədər müxtəlif coğrafiyalarda yerləşən bir çox ölkə ödəyir. Afrikalı qardaşlarımıza təsir edən ərzaq qıtlığı, bütün dünyada son 50-60 ilin pik həddinə çatan inflyasiya, enerji qiymətlərindəki hədsiz artımlar bunlardan yalnız bir neçəsidir”.
