Rusiya təyyarələri Litvaya girib
İspaniya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus iki “Eurofighter” qırıcısı Litva üzərində Rusiya təyyarələrinə görə havaya qaldırılıb, bu barədə Litva ordusunun saytında məlumat verilib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib ki, Rusiya-NATO münasibətləri getdikcə gərginləşir:
"Trampın hakimiyyətə gəldiyi ilk aylarda Amerika nisbətən bitərəf mövqe sərgiləməyə çalışsa da, son hadisələrdə ABŞ Rusiyanın əleyhinə fəal oyunçuya çevrilib. NATO-Rusiya gərginliyinin mühüm səhnələrindən biri Pribaltika ölkələridir. Rusiyanın qırıcı təyyarələri dəfələrlə bu ölkələrin hava sərhədlərini pozub və pozuntular elə təhlükəli həddə çatıb ki, NATO və Avropa İttifaqı Pribaltikanın müdafiəsi üçün ciddi tədbirlər görməyə başlayıb. Almaniya beş mindən artıq piyadə hərbçisini bölgəyə yerləşdirib, NATO-nun ağır texnikaları gətirilib və hava sərhədlərinin pozulmasına görə Rusiyanın təyyarələrinə qarşı tədbirlər müzakirə olunub. Bu gərginlik Pribaltikada NATO-Rusiya münasibətlərini sürətlə kəskinləşdirir və Avropada müharibə riskini artırır. Digər bir səhnə isə Latın Amerikasıdır. Burada Rusiyanın müttəfiqlərindən olan Venesuela və Kolumbiya ilə ABŞ münasibətləri kəskinləşib. ABŞ bu ölkələrdə quru əməliyyatlarının keçirilməsini istisna etmir və Dövlət Katibi bu ölkələrdən gələn narkotik təhlükəsini Qərb yarımkürəsinin “Əl-Qaidəsi” adlandırıb.Beləliklə, həm Pribaltika, həm də Qərb yarımkürəsində Rusiya-NATO və Rusiya-Amerika münasibətləri kəskinləşir. Rusiyanın Pribaltika ölkələrinə qarşı atdığı addımlar, bu ölkələrin sıx avrointeqrasiya siyasəti və Ukrayna müharibəsi fonunda təxribatçı hərəkətləri dünya müharibəsi riskini artırır və Rusiyanın keçmiş Sovet ölkələrinə münasibətdə hələ də iddialı planlardan əl çəkmədiyini göstərir".
Qəmər Kazımzadə
