Rusiya-Ukrayna müharibəsinin nəticələri Avropanı narahat edir
Rusiya-Ukrayna müharibəsinin mümkün nəticələri Avropada ciddi narahatlıq doğurur. Ekspertlərin fikrincə, Moskvanın münaqişədən güclənmiş şəkildə çıxması Şərqi Avropa üçün yeni təhlükələr yarada bilər. Xüsusilə Moldova istiqamətində risklərin artdığı bildirilir və Transdnestr bölgəsi üzərindən mümkün təzyiqlər Avropanın təhlükəsizlik gündəmini daha da gərginləşdirir.
Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bikdirib ki,Rusiya müharibədən qalib çıxsa bu Avropa üçün təhlükə yarada bilər:
“Əgər Rusiya Ukraynadakı müharibədən qalib çıxarsa, müəyyən mənada Avropanın təhlükəsizliyi üçün təhdid yarada bilər. Şərqi Avropanın təhlükəsizliyi məsələsi artıq ciddi şəkildə gündəmdədir. Çünki məlum olduğu kimi, Rusiya bu müddət ərzində bir neçə dəfə Şərqi Avropa ölkələrinə pilotsuz uçuş aparatları vasitəsilə təhlükəli manevrlər edib. Hazırda Avropada belə düşünülür ki, əgər Rusiya Ukraynadan güclənmiş və qalib tərəf kimi çıxarsa, müəyyən dərəcədə yeni problemlər yarana bilər. Bu, Ukrayna prezidentinin narahatlığının müəyyən mənada əsaslı olduğuna işarə edir. Lakin nəzərə almaq lazımdır ki, Rusiya Ukraynada ciddi resurs itkisi ilə üzləşir. Belə bir resurs çatışmazlığı fonunda Rusiyanın yaxın gələcəkdə yeni bir müharibəyə başlaması, xüsusilə də Avropa istiqamətində irəliləməsi real görünmür. Çünki Rusiya hazırda hərbi baxımdan bu gücə malik deyil. Bununla belə, bu, Rusiyanın gələcəkdə heç vaxt belə addımlar atmayacağı anlamına da gəlmir”.
Ekspert həmçinin bunu da qeyd edib ki, mümkündür ki, gələcəkdə Rusiya NATO-ya üzv olmayan Avropa ölkələrinə qarşı təhdid xarakterli fəaliyyətlər həyata keçirsin:
“Xüsusilə Moldova məsələsi son zamanlar aktuallaşıb. Məlum olub ki, Rusiyanın bu ölkədə müəyyən dəstək qrupları mövcuddur. Transdnestr bölgəsi Moldovanın daxilində ciddi problemdir və Rusiya bu bölgədən istifadə edərək Kişinyova qarşı təzyiqləri artıra, hətta hücum ehtimalı yarada bilər. Bunu da nəzərə almaq lazımdır ki, Moldovada qərbyönlü hökumət hakimiyyətdədir və son parlament seçkilərində də qərbyönlü siyasi qüvvələr qalib gəlib. Bu isə ölkənin Avropa istiqamətində daha sürətlə irəliləməsinə şərait yaradır. Elə buna görə də Rusiya Moldovanın təhlükəsizliyi üçün potensial təhdid olaraq qalır. Bu səbəbdən Avropa təhlükəsizlik strukturları maksimum çalışacaqlar ki, Rusiya Ukrayna müharibəsində sərt şəkildə zəifləsin və strateji baxımdan ciddi itkilər yaşasın. Bunun üçün də onlar Ukraynaya mümkün qədər geniş dəstək göstərməyə davam edəcəklər”.
Güllər Gülhüseynova
