Rusiya Ukrayna məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarır
Rusiya Ukrayna ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edib.
Bu barədə Rusiyanın BMT yanında daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanskiy məlumat verib.
Onun sözlərinə görə, iclas mayın 30-da keçiriləcək.
“Rusiya həmin iclasda Avropa ölkələrinin sülhə yaratdığı təhlükə məsələsini gündəmə gətirmək niyyətindədir”, – deyə məlumatda qeyd olunub.
Məsələ ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a verdiyi açıqlamada bildirib ki, Avropa ilə Amerika Ukrayna üzərindən Rusiyaya təzyiqləri gücləndirə bilər:
“BMT Təhlükəsizlik Şurasının həmin iclası, bunu tələb edən Rusiyanın gündəmə gətirdiyi məsələyə uyğun olaraq çağırılır və müzakirələr də bu istiqamətdə aparılır. Lakin iclasın keçirilməsi Rusiyanın istədiyi qərarın qəbul olunacağı anlamına gəlmir. Belə bir nəticənin əldə olunması ehtimalı olduqca zəifdir, hətta demək olar ki, mümkünsüzdür. Çünki Təhlükəsizlik Şurasında qüvvələr Rusiyanın tərəfində deyil. Rusiya yalnız müəyyən qərarları veto hüququndan istifadə edərək bloklaya bilər. Ancaq hər hansı bir qəti qərarın qəbuluna nail olmaq Rusiyanın imkanları xaricindədir. Buna görə də, konkret bir qərarın qəbul olunacağı inandırıcı görünmür.
Eyni zamanda Ukraynadakı vəziyyət BMT Təhlükəsizlik Şurasının Rusiyanın tələbi ilə keçiriləcək iclasının qərarlarından asılı olmayacaq. Ukraynadakı vəziyyətin gələcək inkişafı başqa amillərlə əlaqəlidir. Rusiyanın Ukrayna ilə bağlı bir sıra pozucu bəyanatlarından sonra ABŞ prezidenti də siyasətində dəyişikliklər edəcəyinə dair açıqlamalar verib. Hətta Rusiyaya qarşı Amerikanın sanksiyalarını bərpa edəcəyi ilə bağlı fikirlər də səsləndirilib. Bu da mümkündür ki, Avropa və ABŞ yenidən ortaq mövqe sərgiləyərək Ukrayna vasitəsilə Rusiyaya təzyiqləri artıracaqlar.
Belə bir hal baş verəcəyi təqdirdə, Ukrayna məsələsində ciddi dəyişikliklər ola bilər. Lakin bu dəyişikliklərin baş vermə ehtimalı nə qədər yüksək olsa da, onlar Rusiyanın tələbi ilə çağırılmış Təhlükəsizlik Şurasının qərarlarından asılı olmayacaq".
Fatimə Şahverdiyeva