00:00:00
Yazar
Admin User
17.10.2025 11:17 138 2 dəq oxuma
Siyasət

Rusiya Ukrayna ordusunun təlim bölməsinə raket zərbəsi endirib

Rusiya Ukrayna ordusunun təlim bölməsinə raket zərbəsi endirib

Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun təlim bölməsinə raket zərbəsi endirib. Hadisə nəticəsində obyektə ciddi ziyan dəydiyi bildirilir. Ukrayna tərəfi hücumun nəticələri barədə araşdırmanın davam etdiyini açıqlayıb. Rusiya isə hücumun Ukrayna hərbi infrastrukturuna qarşı həyata keçirildiyini iddia edib.

 

Məsələ ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, bu, ilk dəfə deyil ki, Rusiya Ukrayna ordusunun təlim bazasına zərbə endirir:

 

"Görünür, bu təlim bazaları Rusiya üçün çox önəmlidir. Həm də ehtimal var ki, bu təlim bazalarında daha çox əcnəbi təlimçilər olur, yəni onlar Ukrayna ordusunu hazırlayırlar. Anlaşılan odur ki, onların mövcudluğuna, yəni sağlamlığına təhdid yaradaraq, sanki Rusiya bu təlimçilərin Ukraynadan uzaq durmasına yönəlik olaraq bu zərbələri endirir. Digər tərəfdən də müharibə davam edir. Hər iki tərəf bir-birinə ağır zərbələr endirir. Burada da təəccüblü bir şey yoxdur. Mən, əlbəttə, Rusiya–NATO münasibətlərinin dəyişməsinə təsir edəcəyini düşünmürəm. Çünki münasibətlər kifayət qədər gərgindir və NATO Ukraynanı hər cür dəstəkləyir".

 

Ekspert həmçinin bunu da bildirib ki, NATO dövlətlərinin 31-ci Ramşteyn görüşü və sonuncu tədbirləri bir daha göstərir ki, NATO–Ukrayna əlaqələri və əməkdaşlığı tam gücü ilə davam edir və bu, Rusiyanı, əlbəttə, kifayət qədər məyus edir:

 

"Ona görə də bu addımı sadəcə olaraq belə qiymətləndirə bilərik ki, NATO bir daha Ukraynaya dəstəkdə israrlı olduğunu təsdiqləyir. Gələcəyə gəldikdə isə, əlbəttə, Ukrayna tərəfi yəqin ki, təlim bazalarını Rusiyanın atəş məsafəsindən uzaqda qurmağın, yəni daha təhlükəsiz ərazilərdə təşkil etməyin vacibliyinə inanacaq. Ukrayna artıq ikinci dəfə belə hücumlara məruz qalır, təlim bazaları hədəf olur. Yəqin ki, bundan sonra çalışacaqlar ki, təlim bazaları daha təhlükəsiz, Ukrayna ərazisinin dərinliklərində yerləşsin, yəni Rusiya ordusu üçün əlçatan olmasın. Həmçinin bu təlim bazalarının yerləri barədə Rusiyanın məlumat əldə etməməsinə daha çox diqqət yetiriləcək və onların təhlükəsiz, cəbhə bölgəsindən uzaq ərazilərdə təşkil olunmasına üstünlük veriləcək".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər