Rusiya Ukraynada F-16-ların yerləşdiyi aerodromu vurub
Rusiya ordusu Ukraynanın Xmelnitski vilayətində yerləşən “Starokostiantyniv” hərbi aerodromuna raket zərbələri endirib. Moskva iddia edir ki, zərbə zamanı Ukraynaya yeni gətirilən F-16 döyüş təyyarələri və infrastruktur obyektləri hədəfə alınıb. Kiyev isə zərbə nəticəsində ciddi itkilərin olmadığını bildirir.
Mövzu ilə bağlı deputat Azər Badamov “İnformator.az” a açıqlamasında bildirib ki, Rusiya ilə Ukrayna arasında üç ildən artıq davam edən münaqişə hər gün yeni dağıntılar və insan itkiləri ilə müşayiət olunur:
“Qərb ölkələri Ukraynaya hərbi texnika və digər resurslarla dəstək verir, lakin birbaşa döyüş əməliyyatlarında iştirak etmir.
Vurulmasının Moskva üçün həm taktiki, həm də strateji əhəmiyyət daşıdığını düşünürəm. Aerodromun hədəfə alınması Ukraynanın hava üstünlüyünü zəiflədə bilər və F-16-ların yerləşdirilməsi ilə bağlı planları çətinləşdirir. Bu zərbələr həmçinin Rusiya üçün Ukraynanın dərinliklərindəki strateji obyektləri hədəfə almaq imkanı yaradır. Bu hücum diplomatik və siyasi mesaj rolunu daşıyır. Rusiya belə hərəkətlə həm Ukraynanın, həm də Qərb koalisiyasının hərbi planlarını nəzərdən keçirməyə məcbur edir. Bu həm də münaqişənin gedişatında Moskvanın mövqeyini gücləndirmək məqsədi daşıyır. Rusiya müharibənin dayandırılması üçün əsas tələblərini dəyişməyib ələ keçirilmiş ərazilərin Rusiyanın bir hissəsi kimi tanınması və Ukraynanın neytral statusa keçməsi hələ də Moskvanın prioritetidir. Ukrayna isə işğal altında olan əraziləri geri qaytarmağa çalışır və dayanıqlı təminatlar tələb edir. İki tərəfin fərqli mövqeləri diplomatik həll imkanlarını xeyli məhdudlaşdırır və qarşılıqlı etimadın formalaşmasını çətinləşdirir. Aerodromun vurulması Qərb ölkələrinin strateji planlarını yenidən gözdən keçirməsinə səbəb olacaq. ABŞ və Avropa İttifaqı Ukraynanın hava təhlükəsizliyi və aviasiya resursları ilə bağlı strategiyalarını təhlil etməli, əlavə planlaşdırma və riskləri qiymətləndirməlidirlər. Humanitar tərəfə də diqqət çəkib münaqişənin uzanması yeni itkilər və dağıntılar deməkdir, bu da vətəndaşların vəziyyətini ağırlaşdırır. Hər iki tərəf strateji hədəflərə yönələn əməliyyatlarını intensivləşdirir, bu isə münaqişənin uzunmüddətli olacağını göstərir. Eyni zamanda, aerodromun hədəfə alınması regional təhlükəsizlik və diplomatik əlaqələrə təsir göstərir, Ukrayna və Qərb ölkələri bu gedişatın nəticələrini nəzərə alaraq strateji qərarlar qəbul etməlidirlər”.
Ayşə Müzəfərli
