Rusiya və Hindistan ikitərəfli əməkdaşlıq üzrə birgə bəyanat qəbul edib
Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi siyasət, təhlükəsizlik, iqtisadiyyat və digər sahələrdə ikitərəfli əməkdaşlıq üzrə genişmiqyaslı planları əks etdirən birgə bəyanat qəbul ediblər. Modi sənəd imzalama mərasimində bildirib ki, RF və Hindistan iqtisadi əməkdaşlıq proqramını 2030-cu ilə qədər tamamlamağa razılaşıb. Ölkələr yaxın zamanda turistik qruplar üçün 30 günlük vizasız səyahət yolu açacaqlar.
Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, ikitərəfli əməkdaşlığın əsas məqsədi də məhz bu dəyişən şəraitdə qarşılıqlı maraqları qorumaqdır:
"Hindistanla Rusiya arasındakı münasibətlər çox köklü bir tarixə malikdir. Rəsmi Dehli və Moskva dəyişən geosiyasi vəziyyət fonunda ortaq şəkildə hərəkət edirlər. İkitərəfli əməkdaşlığın əsas məqsədi də məhz bu dəyişən şəraitdə qarşılıqlı maraqları qorumaqdır. Böyük ehtimalla, burada Rusiyanın içində olduğu çətin durum da mühüm rol oynayır. Bu, aydın məsələdir. Hindistan isə gələcəkdə oxşar problemlərlə üzləşə biləcəyini düşünür. Ona görə də artıq indidən müəyyən mənada “oyunun qaydalarını” özü müəyyən etmək istəyir. Düşünürəm ki, bu səbəbdən Rusiya ilə əməkdaşlıqda maraqlıdır. Amma Hindistan hələ ki, ABŞ-nin əleyhinə açıq şəkildə gedə biləcək potensiala malik bir ölkə deyil. Nəzərə almaq lazımdır ki, əgər belə olsa, ABŞ bir sıra vasitələrdən istifadə edə bilər. Məsələn, Pakistan və Hindistan gərginliyindən yararlana, ya da Çinlə Hindistan arasında davam edən problemləri daha da dərinləşdirə bilər. Hətta Hindistanın özünə qarşı sanksiyalar tətbiq oluna bilər. Bunların hamısı ciddi risklərdir. Bu səbəbdən Hindistan hazırda əsasən iqtisadi, turizm və mədəni sahələrdə Rusiya ilə əməkdaşlıq edir. Yəqin ki, gələcəkdə hərbi-siyasi və diplomatik əməkdaşlıq üçün də bir növ ilkin zəmin formalaşdırılır".
Xədicə Məhərrəmli
