“Rusiya və Ukrayna döyüş meydanındakı mövqelərini gücləndirməyə çalışır”- ŞƏRH
Rusiya Prezidenti Vladimir Putinin son açıqlamasında Moskvanın 2022-ci ildə İstanbulda əldə olunan razılaşmalar əsasında Ukrayna ilə sülh danışıqlarına hazır olduğu vurğulanıb. Putin həmin sənədlərin Ukrayna nümayəndə heyətinin paraflandığını xatırladaraq, onların danışıqlar üçün əsas kimi qəbul edilə biləcəyini bildirib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasıbda bildirib ki, Putinin İstanbul razılaşmalarına istinad etməsi təsadüfi deyil:
"Moskva bununla həm Kiyevə, həm də Qərbə mesaj verir ki, Rusiya danışıqlar masasına sıfırdan deyil, daha əvvəl müzakirə olunan şərtlər əsasında qayıtmaq istəyir. Kremlin mövqeyinə görə, həmin dövrdə tərəflər müəyyən kompromis nöqtələrinə yaxınlaşıblar, lakin sonradan proses dayanıb. Buna görə də Putin İstanbul sənədini əsas kimi təqdim etməklə Rusiyanın danışıqlara açıq olduğunu göstərməyə çalışır. Eyni zamanda, Ukraynanın neytrallığı və təhlükəsizlik təminatları kimi əvvəlki müzakirə mövzularını yenidən gündəmə gətirir. Ukraynanın bu təklifə ehtiyatla yanaşacağı gözlənilir. Kiyev dəfələrlə bəyan edib ki, 2022-ci ildən sonra həm cəbhədə, həm də siyasi reallıqlarda ciddi dəyişikliklər baş verib və əvvəlki şərtlərin olduğu kimi qəbul edilməsi mümkün deyil. Putinin bəyanatı tərəflər arasında diplomatik təmasların davam etdirilməsi baxımından müsbət siqnal sayılsa da, yaxın perspektivdə tammiqyaslı atəşkəs ehtimalını əhəmiyyətli dərəcədə artırdığı söylənilə bilməz. Hazırda həm Rusiya, həm də Ukrayna döyüş meydanındakı mövqelərini gücləndirməyə çalışır. Davamlı atəşkəs üçün tərəflərin əsas tələbləri arasında hələ də ciddi fikir ayrılıqları qalmaqdadır".
Mehriban Yariyeva