Rusiya vəsaitləri Euroclear-də qalacaq
Belçikanın Baş naziri Bart De Wever bildirib ki, hazırda dondurulmuş Rusiya dövlət aktivlərini Euroclear-də saxlamaq daha məqsədəuyğundur.
2022-ci ildə Moskvanın Ukraynaya işğalından sonra Q7 ölkələri Rusiya dövlət aktivlərindən təxminən 300 milyard dolları dondurub. Avropa İttifaqı hesab edir ki, bu məbləğin 210 milyard avrosu ($246 milyard) blok daxilindədir və əsasən Euroclear-də dövlət istiqrazları şəklində saxlanılır.
De Wever Berlində Almaniya Kansleri Fridrix Mertz ilə birgə mətbuat konfransında deyib ki, bəzi hökumətlər bu vəsaitləri müsadirə etməyi planlaşdırır, lakin bu hüquqi baxımdan asan deyil.
Baş nazir bildirib ki, aktivlər Rusiya Mərkəzi Bankının ehtiyatlarını da əhatə edir və bunlar hüquqi immunitetə malikdir. Hər hansı bir siyasi qərarla müsadirə cəhdi ciddi nəticələr doğura bilər.
“Digər dövlətlər də öz suveren fondlarını geri çəkə bilər. Bu isə sistemik nəticələrə səbəb ola bilər və ciddi hüquqi risklər daşıyır. Mən hesab edirəm ki, bu dövlət vəsaitləri bloklanmış halda qalmalıdır",– deyə o əlavə edib.
De Wever vurğulayıb ki, bu vəsaitlərin gəlirlərindən Ukraynaya dəstək üçün istifadə etmək mümkündür, lakin əsas məbləğ toxunulmamalıdır.
“Bu, qızıl yumurtlayan bir qaz kimidir. Qazı qorumaq lazımdır. Sülh müqaviləsi müzakirə olunduqda isə qaz masaya qoyula bilər… O vaxta qədər mövcud vəziyyəti qorumaq məsləhətdir", – deyə Baş nazir qeyd edib.
Xəbərdə həmçinin ABŞ Prezidenti Donald Tramp-ın üç ildən çox davam edən münaqişəyə son qoymaq üçün təşəbbüslərini yenidən gücləndirdiyi bildirilir.
ANEWZ
Güllər Gülhüseynova